Dünya 22:10 26.04.2023

Peskov: “Yəqin eşitmisiniz ki, Putini əvəz edən çoxlu əkiztayları var...”

Kreml prezident Vladimir Putinin 70 yaşlı lideri əvəzləyən əkiztayının olması və özününsə vaxtının çox hissəsini nüvə bunkerində özünü müdafiə etməklə keçirməsi ilə bağlı şayiələri təkzib edib.

Qaynarinfo Əl-Cəzirəyə istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra ölkənin tarixinə, Ukraynadakı müharibənin səbəblərinə və Qərb cəmiyyətinin iddia edilən xəyanətinə toxunan çıxışında Rusiya haqqında uydurma adlandırdığı fikirləri sadalayıb.

"Yəqin, eşitmisiniz ki, onun (Putinin) bunkerdə olduğu müddətdə onu əvəz edən çoxlu əkiztayları var”, - deyə Peskov Moskvada keçirilən konfransda gülərək deyib ki, "daha bir yalan”.

"Özünüz görə bilərsiniz ki, bizim necə prezident var: o, həmişə meqaaktiv olub və indi də meqaaktivdir - onun yanında işləyənlər çətinliklə onunla ayaqlaşa bilirlər".

"Onun enerjisinə ancaq həsəd aparmaq olar. Maşallah, ona ancaq can sağlığı arzulamaq olar. Təbii ki, heç bir bunkerdə oturmur. Bu da yalandır”, - Peskov əlavə edib.

Kreml 1999-cu ildən Rusiyanın ali lideri olan Putinin xəstə olması ilə bağlı fikirləri dəfələrlə rədd edib.

Ötən ay Moskvaya dövlət səfəri zamanı Çin prezidenti Si Szinpin Putinə 2024-cü ildə keçiriləcək prezident seçkilərində seçicilərin Rusiya liderini dəstəkləyəcəyinə əmin olduğunu deyib. Putin daha bir müddətə namizəd olub-olmayacağını hələlik açıqlamayıb.

İlk dəfə hakimiyyətə gələndə Putin 1990-cı illərdə postsovet Rusiyasını bürümüş xaosa son qoyacağına söz vermişdi, lakin Ukraynanın işğalı 1979-1989-cu illər Sovet-Əfqanıstan müharibəsindən sonra Kreml rəhbərinin üzləşdiyi ən ciddi hərbi böhrandır.

Alpər