Dünya 18:12 07.06.2022

Peyğəmbər haqda fikirlərə görə müsəlman ölkələrin Hindistana etirazı böyüyür

Hindistanın hakim partiya rəsmisinin Məhəmməd peyğəmbər haqqında dediyi təhqiramiz sözlər Yaxın Şərq ölkələrində qəzəbə səbəb olub.

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, müxtəlif müsəlman ölkələri Yeni Dehlinin səfirini çağıraraq ictimai şəkildə üzr istəməsini tələb edir.

Birləşmiş Ərəb Əmirlikləri Hindistanın hakim Partiyasının (BJP) iki üzvü Nupur Şarma və Naven Cindalın keçən həftə söylədiyi sözləri pisləyən son Körfəz dövləti olub. BƏƏ Hindistanın yaxın müttəfiqidir.

Qətər və Küveytin Hindistan səfirlərini etiraz üçün çağırması ilə diplomatik qəzəb dalğası başlayana qədər sağçı partiya üzvləri Şarma və Cindala qarşı heç bir tədbir görməmişdi. Qısa müddət sonra BJP Şarmanın fəaliyyətini dayandırıb, Cindal isə partiyadan qovulub. 

Daha sonra Bharatiya Janata Partiyası "hər hansı bir dini şəxsiyyətin təhqirini qətiyyətlə pislədiyini" bildirən nadir bəyanat verib.

BƏƏ xarici işlər nazirliyi bazar ertəsi BJP rəsmilərinin şərhlərinin "mənəvi və insani dəyərlərə və prinsiplərə zidd" olduğunu deyib. Dövlət xəbər agentliyi ŞAM xəbər verir ki, nazirlik "dini simvollara hörmətlə yanaşmağın... və nifrət nitqinə qarşı mübarizənin zəruriliyini” vurğulayıb.

Daha əvvəl Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Pakistan və Körfəz regionunda və ondan kənarda müsəlmanların çoxluq təşkil etdiyi digər ölkələr BJP üzvlərinin fikirlərini pisləyib.

Bazar günü Qətər Yeni Dehlidən şərhlərə görə "ictimai üzr istəməsini" tələb edib.

Qətər və Küveytin ardınca İran da "hökumət və xalq” adına etiraz etmək üçün Hindistan səfirini çağırıb.

Hindistan mediası bildirir ki, İndoneziya, İordaniya, Liviya, Maldiv adaları və Oman da daxil olmaqla ən azı 15 ölkə qeyd edilən ifadələrə görə bu ölkələrdəki Hindistan səfirliklərinə rəsmi etiraz edib.

Bundan əlavə, qeyd edilən şərhlər Əfqanıstan "Taliban"ının da etirazına səbəb olub. 

Qeyd edək ki, keçən həftə ABŞ Dövlət Katibi Entoni Blinken Hindistanda "insanlara və ibadət yerlərinə qarşı hücumların artdığını” deyib, Yeni Dehli isə şərhləri "pis məlumatlandırma” adlandırıb.
 
Nurlan Hüseynov