Donald Tramp administrasiyası yayda Avropa İttifaqına bildirib ki, ABŞ Ukrayna üzrə sülh sazişi imzalandıqdan sonra Rusiyaya dondurulmuş aktivləri qaytarmaq istəyir.
Qaynarinfo xəbər verir ki, "Politico”nun
yazdığına görə, bunu ABŞ rəsmiləri Aİ-nin sanksiyalar üzrə nümayəndəsi Devid O'Sallivana çatdırıblar. Eyni zamanda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu aktivlərdən Ukraynanın maliyyələşdirilməsi üçün istifadə edilməsini təşviq etməkdə davam edib.
Trampın 28 səhifəlik planındakı bir bənd avropalı diplomatları hiddətləndirib. Həmin bəndə görə, Rusiya aktivlərindən 100 milyard dollar ABŞ-ın "Ukraynanın bərpası və ora investisiya səylərinə” yönəldilməli, qalan hissə isə ayrıca Amerika–Rusiya fondunun yaradılmasına sərf edilməli idi. Brüsseldə bunu Vaşinqtonun vəsaitin bir hissəsini özünə götürmək, qalanını isə Moskva ilə bölüşmək cəhdi kimi qəbul ediblər.
Nəşrin məlumatına görə, Belçika ABŞ-ın mövqeyini bölüşür və aktivlərin müsadirəsini mümkün sülh nizamlanmasına maneə hesab edir. Jurnalistlər qeyd edirlər ki, Belçikanın baş naziri Bart de Vever Ukraynaya "reparasiya krediti”nin verilməsinə razılıq verməkdən imtina məsələsində Donald Tramp administrasiyasından əlavə dəstək ala bilər.
UNIAN-ın məlumat verdiyi kimi, Avropa hökumətləri Belçikanı 140 milyard avroluq dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya maliyyə verilməsi ilə bağlı Kremlin məhkəməyə müraciət etməsi halında həddən artıq yüksək zəmanət tələbləri irəli sürməkdə ittiham edir.
Rusiya cavabından ehtiyat edən Belçikanın baş naziri Bart de Vever israr edir ki, Aİ hökumətləri ölkəsinə 140 milyard avronu üstələyən və bir neçə gün ərzində ödənilə bilən maliyyə zəmanətləri versin. O, həmçinin bu zəmanətlərin etibarlılıq müddətinin Aİ-nin Rusiyaya qarşı sanksiyalarının müddətindən daha uzun olmasını istəyir.
Alpər
Şərhlər