Siyasət 16:28 12.10.2022

Praqa təmaslarından sonra Astana görüşü nə vəd edir? (ŞƏRH)

Ermənistan XİN-in məlumatına görə, Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşü oktyabrın 14-də Astanada keçiriləcək.
 
Məlumatda bildirilir ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacaq. Görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan iştirak edəcək. 

Qeyd edək ki, onlar sonuncu dəfə Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində üçtərəfli formatda görüşüblər. 

Qaynarinfo-ya açıqlama verən konfliktoloq Üzeyir Şəfiyev Astanada baş tutacaq bu görüşü Ermənistan-Azərbaycan münasibətləri üzərindən çıxış etməklə dünya güclərinin moderatorluq, geosiyasi maraqlar uğrunda savaşın tərkib hissəsi kimi dəyərləndirdi: 

"Bilirsiniz ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində bir neçə moderator iştirak edir. Bunlar, Avropa İttifaqı, ABŞ, Fransa və Rusiyadır. Praqa görüşü fonunda Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirdi ki, Moskva Bakı və İrəvana sülh variantı təklif edib və cavab  gözləyir. Moskva tərəfindən Praqa görüşünə həssas və qısqanc reaksiya oldu. XİN rəhbərlərinin Astana görüşü də gözlənilən idi. Çünki hər dəfə Brüssel formatından sonra Rusiya moderatorluq təşəbbüsünü yenidən öz əlinə almağa çalışır. Moskva bizim coğrafiyaya digər güclərin buraxılmasını həzm edə bilmir. Ona görə Astana  görüşündə də Rusiyanın daha çox öz maraqları kontekstində Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına səy göstərəcəyinin şahidi olacağıq. Astana görüşündən Rusiya öz mövqeyini möhkəmlətmək üçün yararlanmağa  çalışacaq”.  

XİN rəhbərlərinin Astana görüşündə həmsöhbətimizə görə, sərhədlərin delimitasiya və demarkasiyası, habelə kommunikasiya məsələləri müzakirə predmeti olacaq: "Görüşdə danışıqların ağırlığı əsasən məhz bu məsələlərə yönələcək”. 

Rüfət Sultan