Siyasət 14:20 11.01.2023

Prezidentin verdiyi mesajlar: Sülh müqaviləsi, Qərbi Azərbaycana qayıdış, Zəngəzur dəhlizi...

"Azərbaycanın müharibə etmək niyyəti yoxdur. İstəyirik ki, həllini gözləyən məsələlər dinc yolla tənzimlənsin. Sərhədlərin delimitasiya və demarkasiyası baş verməli, Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələri bərpa olunmalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini şərh edərkən deyib. 
 
"Cənab prezident müsahibəsində bir sıra mühüm məsələlərlə bağlı mövqeyini ifadə edib. Xüsusən də, Ermənistanla münaqişənin tənzimlənməsilə bağlı mövcud vəziyyəti qiymətləndirdi. Dövlət başçısı çıxışında qeyd etdi ki, Ermənistan Bakının irəli sürdüyü 5 baza prinsipini qəbul edib, buna baxmayaraq, həmin istiqamətdə konkret addım atmaqdan yayınır. Sülh müqaviləsinin imzalanmasını istəyirik. Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsini də istəyirik. Qəbul etməyənlər üçün yol açıqdır, çıxıb gedə bilərlər. Bu istiqamətdə Prezident konkret mövqeyini ortaya qoydu”, deyə deputat əlavə edib.

Elman Nəsirov qeyd edib ki, artıq Qərbi Azərbaycan məsələsini geniş müstəvidə dilə gətirməyin zamanıdır:


 
"Prezident onu da qeyd edib ki, Qarabağda ərazi bütövlüyümüz bərpa olunmayana qədər Qərbi Azərbaycan icması ilə bağlı məsələni xüsusi olaraq dilə gətirmirdik. Lakin artıq onun da vaxtı çatıb. Azərbaycan artıq tarixi torpaqları olan Qərbi Azərbaycana qayıdış konsepsiyası üzərində işləyir və onu həyata keçirəcək. Zəngəzur dəhlizinin işə düşməsi də bu fonda vacibdir. Burada söhbət torpaqların zəbtindən getmir. Söhbət iqtisadi, ticari, humanitar əlaqələrdən gedir”. 
 
Deputat deyib ki, Parisin mövqeyi sülh prosesinə zərbədir:

"Dövlət başçısı onu da vurğulayıb ki, Fransa İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına mane olur. Bu kontekstdə Praqa görüşünə də diqqəti cəlb etdi və qeyd etdi ki, burada strateji əhəmiyyətli razılaşma əldə olunmuşdu. Hər iki tərəf qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyırdı. Amma onun ardınca İrəvan Fransanın dəstəyilə razılaşmadan imtina xəttini seçdi. Fransa prezidenti ölkəmizə qarşı əsassız ittihamlar da səsləndirdi. Beləliklə, sülh prosesinə növbəti zərbə endirildi”. 

Həmsöhbətimiz bildirib ki, Azərbaycan Prezidenti 2023-cü ildə ikitərəfli münasibətlərin normallaşması istiqamətində əsaslı addımlar atıla biləcəyini də vurğulayıb:

"Azərbaycan bunda israrlıdır, siyasi iradəmiz ortadadır. Bu məsələdə mövqeyimiz açıq və aydındır. Hər şey Ermənistandan asılıdır. Onlar mövcud situasiyanı düzgün qiymətləndirib, qarşılıqlı addımlar atmalıdır. Yalnız bu halda regionda davamlı və uzunmüddətli sülhdən söhbət gedə bilər”. 

Rüfət Sultan