Dünya 11:18 15.05.2023

Priqojindən Ukraynaya inanılmaz təklif:" Sizə rus qoşunlarının yerini deyirəm, siz isə..." - WP

Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojin Ukraynaya hücumlar üçün Rusiya qoşunlarının mövqeləri haqqında məlumatı açıqlamağı təklif edib. Bunun müqabilində Ukrayna Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin bölmələrini Baxmutdan çıxarmalıdır.

Qaynarinfo "Vaşinqton Post”a istinadla xəbər verir ki, Putinin "aşpazı” yanvarın sonunda Baxmuta hücumlar zamanı minlərlə "Vaqnerçi”nin həlak olduğu vaxt Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki bəzi gizli əlaqələri vasitəsilə müvafiq təkliflə çıxış edib.

"Priqojin açıq şəkildə Rusiya hərbi liderləri ilə mübahisə edib, onun şiddətlə iddia etdiyinə görə, Moskvanın müharibə səylərinə həyati dəstək verən qüvvələrini silahlandırmaq və yenidən təchiz etmək mümkün deyil. Amma o, həm də Rusiya prezidenti Vladimir Putinin müttəfiqidir və o, Priqojinin Vaqner döyüşçülərinin həyatını rus əsgərləri ilə dəyişmək təklifini xəyanət kimi qiymətləndirə bilər”, - nəşr əlavə edib.

Lakin "Vaqner” liderinin rus qoşunlarının hansı mövqelərini açıqlamağı təklif etdiyi dəqiqləşdirilməyib.

"İki Ukrayna rəsmisi Priqojinin Ukrayna kəşfiyyat idarəsi ilə bir neçə dəfə danışdığını təsdiqləyib. Rəsmilərdən biri deyib ki, Priqojin dəfələrlə Baxmutla bağlı təklif edib, lakin rəsmilər Priqojinə etibar etmədiyi və onun təkliflərini qeyri-səmimi hesab etdiyi üçün Kiyev onu rədd edib", - nəşr qeyd edir. 

ABŞ da "Vaqner”in rəhbərinin bu təklifinə inanmayıb.

Alpər