İdman 17:50 09.01.2024

PSJ-nin keçmiş ulduzu psixiatrik xəstəxanaya yerləşdirilib - Narkoman imiş

PSJ-nin və Argentina millisinin sabiq futbolçusu Ezekuel Lavezzi narkotik maddə qəbul etdiyinə görə psixi problemlər yaşayır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Marca" argentinalı jurnalistlərə istinadən yazır.

Jurnalist Estefi Berardi bildirib ki, Lavezzi son vaxtlar səslər eşitməyə başlayıb. Keçmiş futbolçuda təhlükəsizliyinə təhdidlə bağlı bir vəsvəsə də inkişaf edir. Lavezzi qayçı ilə özünə xəsarət yetirmək istəsə də, qardaşı araya girərək onu sakitləşdirməyə çalışıb və nəticədə futbolçunun körpücük sümüyü qırılıb.

Digər jurnalist Luis Ventura isə Lavezzinin narkotik istifadə etdiyini, nəticədə psixi sağlamlıq mərkəzinə yerləşdirildiyini iddia edir. Futbolçunun səhhətinə keçmiş sevgilisi ilə məhkəmə çəkişməsi təsir edə bilər.

Dekabrda 38 yaşlı idmançı körpücük sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Onun qarın nahiyəsindən bıçaqlandığı da qeyd olunub. Argentinalının ailə münaqişəsi nəticəsində xəsarət ala biləcəyi güman edilirdi. Futbolçunun yaxınları bıçaq xəsarəti versiyasını təkzib edərək, onun evdə məişət zəminində baş verən insident nəticəsində xəsarət aldığını bildirib. Guya keçmiş futbolçu lampanı dəyişdirərkən pilləkənlərdən yıxılıb.

Lavezzi 2012-2016-cı illərdə PSJ-də çıxış edib. Bu müddət ərzində o, komandanın heyətində 100-dən çox oyun keçirib. Futbolçu parislilərin heyətində 3 dəfə Fransa çempionluğunu, eyni sayda ölkə Superkubokunu, 2 dəfə Liqa Kubokunu və 1 dəfə Fransa Kubokunu qazanıb.

Hücumçu həm də İtaliyanın "Cenoa” və "Napoli” komandalarında çıxışı ilə tanınır. Forvard karyerasını 2019-cu ildə Çinin "Hebei China Fortune" klubunda başa vurub. Lavezzi Argentina millisində 50-dən çox oyun keçirib.

Aydın