Dünya 21:55 22.05.2023

Putin MDB məkanında revanşa hazırlaşır? - Politoloq

"Moskvada keçiriləcək bu iki tədbirdə ciddi qərarların qəbulu və onun bundan sonra baş verəcək hadisə və proseslərin gedişinə əhəmiyyətli dərəcədə təsir edəcəyini düşünmürəm”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev gələn həftə Avrasiya İqtisadi İttifaqının (Aİİ) Moskvada keçiriləcək sammiti, habelə, Avrasiya İqtisadi Forumunda müzakirə ediləcək məsələləri şərh edərkən deyib.

Onun fikrincə, Rusiyanın təşəbbüsü ilə keçirilən hər hansı bir tədbirin nəinki dünya miqyasında, hətta regional müstəvidə hansısa bir ciddi uğura imza atacağı inandırıcı görünmür:

"Nəzərə alaq ki, Rusiya elə Avrasiya İttifaqının özü ilə bağlı da qarşıya qoyduğu məqsədə tam olaraq nail ola bilməyib. Həmin ittifaq keçmiş sovet respublikalarını özündə birləşdirməyi nəzərdə tuturdu və yenilənmiş ittifaq müqaviləsilə SSRİ-nin bərpasına hesablanmış təşəbbüs idi. Bu baş vermədi. Əvəzində keçmiş sovet imperiyası məkanında Rusiya ilə ona daha yaxın milli-mənəvi bağları olan Ukrayna arasında bir ildən artıq davam edən müharibənin şahidiyik”. 

Ekspert qeyd edib ki, Moskvada keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammiti və Forum daha çox Putin və Rusiyanın təbliğatına hesablanmış tədbirdir:

"Bu günlərdə Yaponiyada G7-nin sammiti oldu. Burada Rusiya ilə bağlı bir sıra qərarlar qəbul olundu. Bu fonda Rusiya G7-yə adekvat cavab vermək istəyir. Amma imkan və resursları ona adekvat cavab verməyə kifayət etmir. Ona görə də gələn həftə Moskvada keçiriləcək tədbirlərdə ciddi qərarların qəbulu və onun da bundan sonra baş verəcək hadisə və proseslərin gedişinə əhəmiyyətli dərəcədə təsir edəcəyini düşünmürəm”. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin gələn həftə Avrasiya İqtisadi İttifaqı (Aİİ) liderlərinin Moskvada keçiriləcək sammitində, eləcə də Avrasiya İqtisadi Forumunda iştirak edəcək. Məlumata görə, Rusiya lideri Aİİ-dəki  həmkarları ilə ikitərəfli görüşlər keçirə bilər. 

Rüfət Sultan