Dünya 09:27 28.12.2023

Putin Si Cinpinə Ukrayna ilə 5 il müharibə aparmaq niyyətindən danışıb - "Nikkei"

Rusiya prezidenti Vladimir Putin çinli həmkarı Si Szinpinə xəbərdarlıq edib ki, Ukraynaya qarşı müharibə 5 il davam edə bilər.

Qaynarinfo bu barədə "Nikkei Asia” nəşrinə istinadən xəbər verir.

"Nikkei” mənbələrinə görə, belə bir xəbərdarlıq bu ilin mart ayında Si Szinpinin Moskvaya səfəri zamanı Putin tərəfindən səsləndirilib. Həmin vaxt Kremlin rəhbəri Rusiyanın "ən azı beş il müharibə aparacağını" söyləyib, lakin Çin rəhbərini Rusiyanın sonda qalib gələcəyinə əmin edib. 

Nəşrin yazdığı kimi, Si Szinpinin Putinin sözlərinə inanıb-inanmamasından asılı olmayaraq, bu, Rusiya ilə Çin arasında gələcək münasibətlərə təsir göstərə bilərdi. Bu, xüsusən də Çin sülhməramlı missiyasının Avropaya göndərilməsi və Çinin xarici işlər nazirinin işdən çıxarılmasında özünü göstərdi.

Bundan əlavə, "Nikkei”nin məlumatına görə, Çin öz strategiyasına yenidən baxıb, belə ki, Ukraynada uzun sürən müharibə Si Szinpinin ÇXR rəhbəri kimi üçüncü müddətində planlarına və ambisiyalarına, xüsusən də Tayvanın ilhaqına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Kreml rəhbərinin bəyanatını nəzərə alaraq "Nikkei" qeyd edir ki, Rusiya Federasiyasından atəşkəs və danışıqlar barədə iddia edilən siqnallar barədə xəbərlər "doğru məlumat” kimi qəbul edilməməlidir. Putin yəqin ki, sadəcə olaraq prezident seçkiləri ərəfəsində illüziya yaratmaq istəyir və bunun ona kömək edəcəyinə inanır.

Putin Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı işğalından az əvvəl Si Szinpinlə görüşüb. Bu, 2022-ci ilin fevralında Pekində keçirilən və açılışında Rusiya prezidentinin iştirak etdiyi Qış Olimpiya Oyunları zamanı baş verib. Lakin "Nikkei”nin yazdığı kimi, Putin Çin liderini genişmiqyaslı planları barədə xəbərdarlıq etməyib, bu da Si Szinpinin xətrinə dəyib.

Pekin Rusiya qoşunlarının yalnız Ukraynanın şərqini işğal edəcəyini ehtimal edirmiş, lakin xüsusilə Pekin Qış Olimpiya Oyunlarının bağlanmasından dörd gün sonra və Paralimpiya Oyunlarının başlamasına bir həftə qalmış tammiqyaslı hücum gözləmirdi.

"Nikkei" izah edir ki, bunu nəzərə alaraq, Çin Putinin "beş illik müharibə” ilə bağlı sözlərini şübhə altına alıb və Ukraynadakı hadisələrin necə 
bitəcəyindən asılı olmayaraq öz maraqlarını qorumaq barədə düşünməyə başlayıb. Xüsusilə, Çin özünün "sülhməramlı missiyasını” yaradıb və bu, Nikkeinin fikrincə, Si Szinpinin rusiyayönlü mövqeyində cüzi dəyişikliyin baş verdiyini göstərib və Kreml liderini qəzəbləndirib. 

Xatırladaq ki, Çin rəhbəri martın 20-də Moskvaya ikigünlük səfər edib. Putinlə 4 saat davam edən qeyri-rəsmi görüşdə Ukraynadakı müharibə mövzusu da gündəmə gəlib.

Çin qeyd edib ki, lider Si Szinpinin Rusiyaya səfəri "sülhə çağırmaq və danışıqları təşviq etmək” məqsədi daşıyır. Onlar bəyan ediblər ki, Pekin beynəlxalq və regional məsələlərdə, o cümlədən Ukraynadakı müharibədə "obyektiv və qərəzsiz mövqeyini” müdafiə edəcək.

Nizami Bağırov