Dünya 14:34 23.06.2022

Putin Sokurovun Milana getməsinə imkan vermədi, geri qaytarıldı

71 yaşlı rejissor Aleksandr Sokurov Rusiyadan Finlandiyaya getməsinə icazə verilmədiyi üçün İnsan hüquqları şurasına müraciət edib: o, Milanda keçiriləcək beynəlxalq mədəniyyət konfransına uçmaq üçün avtomobillə Finlandiya sərhədini keçməyə cəhd edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Insider”in məlumatında deyilir. 

Sokurovun sözlərinə görə, İtaliya və Finlandiya tərəfləri ilə razılığa əsasən o, Sankt-Peterburqdan sərhədi keçərək Helsinkiyə getməli, oradan da Milana uçmalı imiş. İyunun 22-də orada onun humanitar incəsənət təhsili problemlərinə dair çıxışı nəzərdə tutulub.

"Rusiya sərhədində bütün bu planlar qətiyyətlə və fəal şəkildə yatırıldı. Sərhədçilər pasportlarımızı müsadirə edib harasa qaçdılar. Bir neçə saat ərzində nə baş verdiyini, sənədlərimizin harada olduğunu, niyə sərhədi keçmək üçün icazə verilmədiyini anlaya bilmədik. Eyni zamanda ətrafımızda yüzlərlə maşın, rus uşaqları olan bütöv avtobuslar, sərhədi keçə biləcək vətəndaşlar dolaşırdı, biz isə həbs olunanlar kimi oturmalı idik. 

Rejissorun artıq təyyarəyə vaxtında çatmadığı məlum olanda ona deyiblər ki, baş nazir Mixail Mişustinin göstərişi əsasında Finlandiyaya gedə bilməyəcək:

"Sonradan telefonla Milan konfransının əməkdaşlarından öyrəndim ki, onlar möcüzəvi şəkildə bu sərhəd zastavasının telefon nömrəsini tapıb, ora zəng ediblər, lakin sərhəd zastavasında heç kim ingilis dilində danışa bilməyib və sərhədçilər – FTX zabitləri əcnəbilərin onlardan nə istədiklərini anlaya bilməyiblər. İtalyanlar bir rus tərcüməçisi tapıb, sonrasa eşidiblər ki, pasportlarımıza "möhür vurulub" və biz guya gedə bilərik... Ancaq həmkarımla mənim hara gedə biləcəyimizi dəqiqləşdirməyiblər...

Nəticədə Sokurov yenidən Sankt-Peterburqa qayıtmağa məcbur olub.

Xatırladaq ki, məşhur rejissor və Rusiyanın xalq artisti hələ 2008-ci ildə Rusiya ilə Ukrayna arasında ağır müharibənin olacağını proqnozlaşdırmışdı. O, Ukraynada müharibəyə səbəb olan və əsgərlərinin həyatına etinasız yanaşan prezident Vladimir Putinin hərəkətlərini pisləyib. Sokurovun sözlərinə görə, Rusiya hakimiyyətinin hərəkətləri geri dönməz nəticələrə gətirib çıxaracaq. Ukraynadakı müharibə isə 1917-ci ildə çar kimi Putin üçün də eynilə başa çatacaq.

Nizami Bağırov