Dünya 14:32 02.06.2023

Putinə qarşı sanksiyalar dünya liderlərini dollardan imtina barədə düşündürür - "Bloomberg"

Ukraynada müharibə başlayandan və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları tətbiq edildikdən sonra dünyanın bir çox ölkələri dollardan asılılığını azaltmağa və başqa valyutalarla sövdələşmələr etməyə cəhd edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Agents.media” nəşri "Bloomberg”ə istinadən yazır.

Agentliyin qeyd etdiyi kimi, dünyanın bir çox ölkələrinə işğalın başlamasından sonra Rusiyaya qarşı tətbiq edilən görünməmiş sanksiyalar onların dollardan asılılığını xatırladıb. Dünya liderləri ictimai çıxışlarında dolların Amerikanın xarici siyasət prioritetlərini irəlilətmək və onlara qarşı çıxanları cəzalandırmaq üçün getdikcə daha çox silah kimi istifadə olunduğunu qeyd ediblər.

Sirakuza universitetinin politoloqu və "Dollara qarşı mübarizə: ABŞ-ın maliyyə sanksiyaları və dollara qarşı mənfi beynəlxalq reaksiya” kitabının müəllifi Deniel Makdauell hesab edir ki, ABŞ rəsmilərinin dollardan geosiyasi məqsədlər üçün daha çox istifadə etməsi təkcə valyutanı dünya ticarətindəki payından məhrum etmək riski ilə yanaşı, son nəticədə ABŞ-ın qlobal səhnəyə təsir imkanlarını da sarsıda bilər. 
Ekspert hesab edir ki, uzunmüddətli effektivliyi təmin etmək üçün sanksiyalardan təhdid kimi istifadə etmək və faktiki olaraq onu tətbiq etməmək daha yaxşıdır. "İndi gələcəkdə belə bir vəziyyətdə nə gözlədiyini bilən rasional oyunçu bu senariyə hazırlaşacaq və bu, təhdidlərinizi daha az təsirli edəir", -  Makdauell bildirir. 

Çin də qlobal iqtisadiyyatda dollardan imtina etməyə çalışır, - Bloomberg davam edir. - Çin lideri Si Szinpin qlobal maliyyə sistemində yuanın daha böyük təsirinə nail olmaq istəyir.

Pekinin rəqibləri də öz valyutalarından istifadə etməyə keçir: məsələn, Hindistan apreldə Malayziya ilə milli valyutada ikitərəfli ticarət üçün yeni mexanizm elan edib. Daha sonra Cənub-Şərqi Asiya ölkələri assosiasiyası regional ticarət və investisiyalar üçün üzv dövlətlərinin valyutalarının istifadəsini genişləndirmək barədə razılığa gəlib. Ticarətdə yerli valyutalara keçidlə bağlı sazişlər Cənubi Koreya və İndoneziya arasında da imzalanıb. Həmçinin dolların hökmranlığına qarşı Braziliya prezidenti Lula da Silva aprel ayında Şanxaya səfəri zamanı çıxış edib.

ABŞ-ın maliyyə naziri Canet Yellen aprel ayında etiraf edib ki, zamanla maliyyə sanksiyalarının tətbiqində, ABŞ valyutasının "hegemonluğunu sarsıtmaq riski var". 

Yellen qeyd edib ki, dollar ehtiyat valyuta kimi istifadə olunmağa davam edir, çünki eyni xüsusiyyətlərə malik başqa valyuta tapmaq çətindir.

"Müşahidəçilər bununla razılaşırlar", deyə "Bloomberg" qeyd edir. 

Daha çox ölkə dollardan asılılığını azaltmağı planlaşdırsa da, az adam onun qlobal ticarət və maliyyədəki lider mövqeyinin tezliklə təhlükə altında olacağını gözləyir. Ekspertlərin fikrincə, dünyada eyni səviyyədə sabitlik, likvidlik və təhlükəsizlik təmin edə biləcək ikinci valyuta yoxdur. Bundan əlavə, qlobal ÜDM-in 50%-dən çoxunu təşkil edən ABŞ-ın inkişaf etmiş müttəfiqlərinin böyük əksəriyyəti dollardan imtina etməyə tələsmir.

Beynəlxalq hesablaşmalar bankının məlumatına görə, ABŞ və ya ABŞ şirkətləri ilə əlaqəli olmayanlar da daxil olmaqla, bütün qlobal valyuta əməliyyatlarının təxminən 88%-i dollarla aparılır. Transsərhəd dollar axınına xidmət edən bankların Federal ehtiyat sistemində hesabları olduğu üçün onlara ABŞ sanksiyaları təsir edir.

Nizami Bağırov