Dünya 13:57 20.04.2023

Putinin Sovet ideyaları: Rusiyanın yeni xarici siyasəti köhnə görünür - WSJ

Strategiya sənədində Putinin Qərblə düşmənçiliyi yüksək səslə bəyan edilir.

Keçən ay Vladimir Putin Rusiyanın sovet dövrünün ritorikasına və məqsədlərinə qayıtdığını göstərən xarici siyasət strategiyası sənədini imzaladı. Putinin Ukraynaya genişmiqyaslı müdaxiləsi səbəbindən hazırlanan sənəd Rusiya prezidentinin dünyagörüşü və strateji hədəfləri haqqında məlumat verir. Xüsusən də anti-Qərb əhval-ruhiyyəsi və yeni geosiyasi nizamın bərqərar olması ilə bağlı davamlı aludəçilik görünür.

Qaynarinfo xəbər verir ki, bu barədə Kiyevdə yerləşən Transatlantik dialoq mərkəzinin rəhbəri Maksim Skripçenko "Wall Street Journal"da köşəsində yazır

Yeni sənəddə diqqət çəkən məqamlardan biri Rusiyanın özünü Qərbdən fərqli olaraq "özünəməxsus dövlət-sivilizasiya” kimi qələmə verməsi və unikal "rus dünyası” formalaşdırmasıdır. "Rusofobiya”, "neonasizm” və "kollektiv Qərb” kimi təbliğat terminləri hər yerdə ortaya çıxır, Qərbi mahiyyətcə düşmən kimi göstərir. Əvvəllər yalnız qeyri-rəsmi vətənpərvər qruplar tərəfindən istifadə edilən "Anqlo-sakson dövlətləri” termini artıq rəsmi olaraq Rusiyanın xarici siyasət leksikonuna daxil edilib və ABŞ və Böyük Britaniyaya qarşı artan düşmənçiliyi ifadə edir.

Sənəddə Rusiyanın Ukraynaya qarşı təcavüzünün əhəmiyyəti də aşağı salınır, dolayı yolla hərbi əməliyyatlara istinad edilir, ABŞ və Avropa "yeni tipli hibrid müharibəsi”ni başlatmaqda ittiham olunur. Bu ritorika Ukrayna ilə mədəni və mənəvi əlaqələri vurğulayan əvvəlki strateji sənədlə ziddiyyət təşkil edir. Bundan əlavə, sənəd "Rusiyanın özünümüdafiə hüququnu genişləndirir” və gələcək hərbi təcavüz qorxusunu artırır.

Əvvəllər Pekinlə elan edilmiş "sərhədsiz” tərəfdaşlığa və Yeni Dehli ilə münasibətlərin istiləşməsinə baxmayaraq, Rusiyanın Çin və Hindistan barəsində fikirlərindəki təmkinlik bu, yeni güclərə ehtiyatlı yanaşmanı vurğulayır. Latın Amerikası, İslam dünyası və Afrikaya diqqətin artması həm də ondan xəbər verir ki, Moskva indi qeyri-Qərb ölkələri ilə münasibətlərə daha çox diqqət yetirir. Braziliya, Kuba, Nikaraqua və Venesuela, eləcə də Türkiyə, Səudiyyə Ərəbistanı və Misir xüsusi diqqətə layiqdir. Bu siyahıda Birləşmiş Ərəb Əmirliklərin yoxluğu diqqət çəkir.

Sənədin Avropa dövlətlərinin "qarşıdurma siyasətindən və hegemon ambisiyalarından” əl çəkdiyini ehtiva edən yeni təhlükəsizlik nizamına dair baxışı Amerikanın təsirindən azad Avropa haqqında çoxdankı sovet arzusunu əks etdirir. O, Vaşinqtonun sovet dövrünün "dinc birgəyaşayış” və "istiləşmə” siyasətini xatırladan münasibətlərə can atdığı bir gələcəyi nəzərdə tutur.

Strategiya Rusiyanın alternativ pul və ödəniş sistemləri yaratmaqla iqtisadi sanksiyalardan yan keçmək niyyətini nümayiş etdirir. Bu, təkcə Rusiyanın Qərbin təzyiqlərinə müqavimət göstərmək əzmini vurğulamır; həm də ABŞ-ın rəhbərlik etdiyi qlobal iqtisadi sistemdən çıxmaq istəyindən xəbər verir.

Sənədin dili və istiqaməti onun Putinin mövqeyini əks etdirməyə çalışan yüksək rütbəli rusiyalı diplomatları tərəfindən yazıldığını qəti şəkildə deməyə əsas verir. Sənəddə Gürcüstan və Moldovanın adı ümumiyyətlə çəkilmir. Bu, Kremlin xarici siyasət prioritetlərini yenidən qiymətləndirməsini və düşmən və ya dəstək verməyən ölkələrlə münasibətləri aşağı salmaqla yanaşı, yeni ittifaqlar qurmaq niyyətini əks etdirir.

Putinin sənədi təsdiqləməsi beynəlxalq siyasətin gələcək trayektoriyası və gərginliyin artması potensialı ilə bağlı narahatlıqları artırır. Moskva Rusiyanın xarici siyasətində əsaslı dəyişikliyə işarə edir, sovet ideologiyalarının yenidən canlandığını və Qərbə qarşı konfrontasiya mövqeyini ifşa edir.

Nizami Bağırov