İranın ən böyük avtomobil istehsalçısı "İran Khodro” konserni Rusiyaya ixraca başlamaq planlarını açıqlayıb. Şirkətin baş direktoru Mehdi Xətibinin sözlərinə görə, ilk avtomobillər bu il satışa çıxarılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "International Business Times”
yazır.
"Moskva ilə yaxşı danışıqlarımız oldu. Rusiya bazarı öz imkanları ilə bizim əsas bazarlarımızdan biri olacaq”.
Xətibi əlavə edib ki, "İran Khodro” rusiyalı investorlarla tərəfdaşlıq etməyi də düşünür. Şirkət artıq 2007-2009-cu illərdə Rusiyaya avtomobil ixrac edib, lakin tələbat az olduğundan ixrac dayandırılıb. İstehsalçı bir neçə dəfə Rusiya bazarına geri qayıtmağa çalışsa da, hər dəfə uğursuzluğa düçar olub.
Arayış: "Iran Khodro”, baş ofisi Tehranda yerləşən İranın ən böyük avtomobil istehsal edən şirkətidir. Öz markasını və lisenziyalı "Peugeot” avtomobillərini istehsal edir. Həmçinin "Mercedes-Benz” lisenziyası ilə yük maşınları və avtobuslar yığır.
İxracın bərpasının elanını Rusiya prezidenti Vladimir Putinin Tehrana olan iyul səfəri ilə bağlıyırlar. Həmin vaxt o, iranlı həmkarı İbrahim Rəisi və ölkənin ali lideri Ayətullah Əli Xamenei ilə görüşüb.
Rusiya Ukraynada müharibə başlayandan bəri getdikcə daha sərt məhdudiyyətlərə məruz qalır və İran da 40 ilə yaxındır ki, sanksiyalar altındadır. Ölkələr iqtisadiyyatı qarşılıqlı dəstəkləmək üçün əsas istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək qərarına gəliblər.
"İran Khodro”nun vitse-prezidenti Kianuş Purmojib qeyd edib ki, istehsalçı Azərbaycan, Oman və İraq kimi bazarlarda rəqabət aparmağa ümid etsə də, "həcm baxımından təbii ki, Rusiya ən önəmlidir”.
"İran Khodro” bu il 500 min avtomobil istehsal etməyi planlaşdırır. Şirkətin məqsədi hər il onlardan 100 000 ədədini ixrac etməkdir ki, bu da indikindən (20 000) 5 dəfə çoxdur.
"AUTOSTAT” agentliyinin tərəfdaşı İqor Morjarettonun sözlərinə görə https://www.kommersant.ru/doc/5513655 , "İran Khodro” avtomobillərin istehsalı üçün iki platformaya malikdir: "Peugeot” brendindən köhnə və yeni "Renault” B0. Bu yaxınlarda şirkət B0 bazası əsasında hazırlanmış ən son Rira krossover modelinin təqdimatını keçirib. Çox güman ki, onunla birlikdə Rusiya avtomobil bazarına girəcək.
"Hətta "Moskviç” zavodunun yerində yığmağa başlaya bilərsiniz. İndi praktiki olaraq rəqabət yoxdur və büdcəli avtomobillərdə böyük qıtlıq var. AvtoVAZ-dan başqa indi bu seqmentdə heç kim yoxdur. Bazarımızda çox fəallaşan çinlilər digərinə - orta qiymət seqmentinə keçiblər", - deyə Mojaretto əlavə edib.
Eyni zamanda ekspertlər qeyd edirlər ki, İran avtomobillərinin təhlükəsizliyi ilə bağlı böyük suallar var. "Za Rulyom” jurnalının baş redaktoru Maksim Kadakov qeyd edib ki, bir müddət əvvəl İranın qonşuları - "yüksək iddialı dövlətlər sayılmayan” İraq və Suriya bu ölkədən avtomobil tədarük etməkdən imtina ediblər.
"Onlar bunu avtomobillərin tam təhlükəsiz olmaması ilə əsaslandırdılar. Bundan əlavə, İranda yeni il bayramı günlərində avtomobil yollarından birində baş vermiş qəzanı xatırlamağa dəyər, təxminən otuza yaxın avtomobil toqquşmuş və onların heç birində təhlükəsizlik yastığı açılmamışdı”, - deyə ekspert əlavə edib.
Kadakovun sözlərinə görə, İran avtomobilləri müasirliyin tələblərinə cavab vermir və onlara yalnız qiyməti əsas amil götürən "iddiasız alıcılar” arasında tələbat olacaq.
Nizami Bağırov
Şərhlər