İdman 15:07 07.03.2022

"Qarabağ"dan bir qələbə, iki rekord

"Qarabağ” Premyer Liqanın XVIII turunda "Qəbələ”ni 5:1 hesabı ilə məğlub edib.
 
Qaynarinfo PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu ölkə çempionatları tarixində 118-ci dəfə ev oyununda 3 və ya daha çox qol vurub. Bu, 1992-ci ildən keçirilən yarışın tarixində yeni rekorddur. "Qarabağ” öz meydanında 117 dəfə məhsuldarlıq nümayiş etdirən "Neftçi”ni arxada qoyub. Ağdamlıların üç və ya daha çox qol vurduğu ilk ev oyunu 1992-ci il mayın 6-da baş tutub. 30 il öncə Kürdəmir "Şirvan”ı üzərində 6:0 hesablı qələbə əldə olunub.
 
Bu qələbə "Qarabağ”ın daha bir rekorda imza atmasına səbəb olub. Qurban Qurbanovun komandası ardıcıl 9-cu ev oyununda qələbə qazanıb. Cari mövsüm öz meydanında keçirdiyi 8 qarşılaşmanın hamısında meydandan qələbə ilə ayrılan Qurban Qurbanovun yetirmələri ötən çempionatının son ev matçında da üç xal qazanıb. Ağdamlılar sonuncu dəfə 2021-ci il mayın 4-də "Zirə” ilə qarşılaşmada xal itkisi ilə üzləşmişdi – 1:1.

Evdə ardıcıl 9 qələbə qazanan "Qarabağ” son 6 mövsümün ən yüksək göstəricisinə imza atıb. Daha uzun seriyaya sonuncu dəfə 2015/16 mövsümündə təsadüf olunub.
 
"Qarabağ” XVIII turun "Qəbələ” ilə ev matçında 5:1 hesabı ilə qalib gəlib.
 
Səbuhi Həsənov