Siyasət 16:12 06.08.2022

Qarabağ məsələsi: Qərbi narazı salan fakt nədir? - Tofiq Zülfüqarov

"Qərbi narazı salan fakt ondan ibarətdir ki, onlar bu proseslərdən artıq kənarda qalıblar. Bu proseslərdə dominant üçüncü tərəf Rusiya və Türkiyədir. Bu da onları narazı salır və yaranan hər bir məsələdən istifadə edərək prosesə qayıtmaq istəyirlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə zənginin pərdəarxası məqamlarından danışarkən deyib.

Politoloq hesab edir ki, onların mövqeyi erməni mövqeyi ilə üst-üstə düşür:

"Bu bəyanatların vasitəsi ilə onlar dolayı olsa da, erməni mövqeyini dəstəkləyirlər. Birinci dəfə deyil ki, onlar mövqeyini biruzə verir. Azərbaycan təbii ki, onların ermənipərəst mövqeyini qəbul eləmir. Və tələb edir ki, onların mövqeyi beynəlxalq qanunlara uyğun olsun və Azərbaycanın ərazi bütövlüyü və süverenliyinin bərpası prosesində bizə dəstək versinlər”.

Tofiq Zülfüqarovun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələlərdə lazım olan dəstəyi görmür.    

Qeyd edək ki, avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı Şarl Mişel bu günlərdə regionda yaranmış gərginliklə bağlı narahatlığını bildirib. O, Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Bahar Rüstəmli