Dünya 18:26 20.09.2022

Qarabağ məsələsində ABŞ-ın fəallaşması, Rusiyaya ötürülən mesaj...

"Azərbaycan və Ermənistan diplomatlarının danışıqlar masasına qayıtmasının vaxtı çatıb”.

Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə üçtərəfli görüşdən sonra "Twitter” səhifəsində yazıb. 

"Bu gün Ermənistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birbaşa danışıqlarım olub. Görüş zamanı dediyim kimi, qoşunların geri çəkilməsinin və diplomatların danışıqlar masasına qayıtmasının vaxtı çatıb", - Blinken qeyd edib. Blinken bu ayın sonuna qədər Bayramovla Mirzoyanı görüşməyə çağırıb.

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Elşən Mirzəoğlu bildirir ki, Dövlət Departamenti tərəfləri növbəti dəfə danışıqlar masasına çağırmaqla əslində bölgə uğrunda geosiyasi mübarizənin bitmədiyini Rusiyanın diqqətinə çatdırmaq istəyib: 

"Son vaxtlar ABŞ-ın Azərbaycanla Ermənistan arasında danışıqlarda kifayət qədər fəallıq nümayiş etdirdiyini görürük. ABŞ-ın hazırda həyata keçirdiyi diplomatiya çevik diplomatiya təsiri bağışlayır. İlk baxışda məqsəd sülh və sabitliyin təmin edilməsi və tərəflər arasında əldə olunan sazişin şərtlərinə əməl olunmasıdır.
Əslində isə Vaşinqton bu danışıqlarda təşəbbüsü ələ almaq mövqeyindn çıxış edir. Bu da ondan irəli gəlir ki, Moskvanın vasitəçiliyilə əldə olunan razılığın müəyyən şərtləri Vaşinqtonu qane etmir. Daha doğrusu, Azərbaycanın qələbəsi nəticəsində bölgədə yaranan yeni geosiyasi reallıqlar ABŞ-ın regionla bağlı marağına cavab vermir. ABŞ ATƏT-in Minsk qrupundakı həmsədrlik institutunu yenidən bərpa edir. Belədə onlar Bakının bu məsələdə tutduğu mövqedən fərqli mövqe sərgiləyirlər. Ağ Ev tərəfləri növbəti dəfə danışıqlar masasına çağırmaqla, əslində, Rusiyaya mesaj vermək istəyir ki, bölgə uğrunda geosiyasi mübarizə bitməyib. ABŞ bölgədəki mövcud geosiyasi reallığı dəyişmək istəyir. Bu zaman ABŞ nə qədər istəsə də, tərəfkeş mövqeyindən çıxış etdiyini gizlədə də bilmir. ABŞ artıq dövlət səviyyəsində İrəvana dəstək verdiyini gizlətmir. Bu da, aydın məsələdir ki, Azərbaycanı qane etmir. 

Bayden iqtidarının İrəvana dəstək verməsinin artxasında həm də Rusiya ilə Türkiyəni bölgədə üzbəüz qoymaq istəyi də dayanır”. 

Rüfət Sultan