Siyasət 12:44 11.05.2023

Qarabağa dair çərçivə sazişi nə zaman imzalana bilər?

"Təcrübəyə əsasən demək olar ki, çərçivə sazişində yalnız prinsiplər müəyyən edilir. Yəni, çərçivə sazişində konkret məsələlərin həlli öz əksini tapmır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Azərbaycanla Ermənistan arasında sülh sazişindən əvvəl çərçivə sazişinin imzalanması istiqamətində atılan addımlar fonunda bu iki məfhumun fərqini şərh edərkən deyib:
 
Onun sözlərinə görə, çərçivə sazişində daha çox ümumi prinsiplər öz əksini tapır: 

"Həmin prinsiplərin nədən ibarət olmasını da Azərbaycan tərəfi dəfələrlə bəyan edib. Çərçivə sazişində tərəflərin bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanınmaq, bir-birinə qarşı ərazi iddialarından əl çəkmək kimi prinsipləri razılaşdırmalıdırlar. Ermənistan Azərbaycanın, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyır. Yəni, çərçivə sazişi prinsiplərin tanınması haqqında tərəflər arasında əldə olunan razılaşmadır. Əslində, bu formal xarakter daşıyır, çünki beynəlxalq hüququn ümumi prinsipləridir. Çərçivə sazişində əsas məsələlər barədə razılığa gəlinmir. Amma onun əsasında gələcəkdə prinsiplərə əsaslanmaqla ayrıca sülh sazişi imzalanır”. 

Ekspertin fikrincə, çərçivə sazişinin imzalanması sülh sazişinin imzalanması prosesini sürətləndirə bilər:


 
"Savaşdan iki ildən artıq vaxt keçib. Azərbaycan özünün prinsipləri bəyan edib. Erməni tərəfi də Bakının təqdim etdiyi əsas prinsiplərə qarışılıq olaraq müxtəlif şərtlər irəli sürüb. Əsas prinsiplər ətrafında razılığın əldə olunması ilə sülh sazişinin imzalanması prosesi də sürətlə bilər”. 

Ekspertin fikrincə, çərçivə sülh sazişi bir növ hansısa prinsiplərin qarşılıqlı sadalanıb qəbul olunması deməkdir. Onun sözlərinə görə, çərçivə sazişinin implementasiya, yəni həyata keçirmək prosesinin necə həyata keçiriləcəyi naməlum qalır. Çünki erməni tərəfi bundan mümkün qədər qaçmağa çalışır. İrəvan sülh sazişinə imza atmaq istəmir:

"Təbii ki, Azərbaycan prinsiplərin qəbul olunmasını yetərli hesab etmir. Çərçivə sazişindən başqa digər sənədlər də imzalanmalıdır ki, Ermənistan öz üzərinə öhdəliklər götürsün. Bu, Qazaxın 7, Naxçıvanın 1 kəndinin azad olunması, erməni hərbçilərinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlıdır. Eyni zamanda, qondarma qurumların Ermənistan tərəfindən maliyyələşməsinin dayandırılması da burada başlıca şərtdir. Azərbaycan tələb edir ki, İrəvan sülhə dair öhdıliklər götürsün buna əməl etsin. Amma görünən odur ki, Ermənistan vaxt udmaq və danışıqları pozmaq istəyir”

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyilə Azərbaycanla Ermənistan arasında gedən danışıqlarda ilk olaraq çərçivə sazişinin imzalanması gözlənilir. Yalnız bundan sonra sülh sazişinin bağlanması istiqamətində fəaliyyətə keçiləcək.
 
Rüfət Sultan