"Ermənistan və "Artsax” (Dağlıq Qarabağ) ətrafında cərəyan edən siyasi hadisələr, mübaliğəsiz həm Ermənistanın, həm də erməni dünyasının taleyinin asılı olduğu Qarabağ probleminin həlli ətrafında vəziyyətin gərginləşməsi məni həddindən artıq narahat edir".
Qaynarinfo xəbər verir ki, bu barədə Ruben Vardanyan öz "Facebook" səhifəsində yazıb. Vardanyan noyabrdan sonra Qarabağda işə başlayacağını bildirib:
"Mən başa düşürəm ki, artıq uzun-uzadı düşünməyə vaxtım yoxdur və bu vəziyyətdə "Qarabağ xalqı"nın yanında "DQR"in gələcəyi üçün məsuliyyəti öz üzərinə götürməkdən başqa yolum yoxdur. Ay yarım ərzində Qarabağın siyasi və ictimai xadimləri, müxtəlif rayonların və müxtəlif sosial qrupların nümayəndələri ilə görüşlər və ünsiyyət məni əmin etdi ki, insanlar Qarabağın "dövlət naziri" vəzifəsinə namizədliyimi dəstəkləyir və məni bütün sağlam qüvvələri öz ətrafında birləşdirəcək, "ölkə"ni böhrandan çıxarmaq üçün real işlərə rəhbərlik edəcək məsuliyyətli rəhbər kimi görmək istəyirlər.
Noyabrın əvvəlində mən rəsmi olaraq Qarabağın "dövlət naziri" vəzifəsini icra edəcəyəm və eyni zamanda strateji məqsədlərimizi, həlli vacib olan prioritet məsələləri təqdim edəcəyəm, həmçinin atılmalı olan ilk addımlar barədə məlumat verəcəyəm. Oktyabrın sonuna qədər komandanın və proqramlarımızın qurulmasına yönəlmiş görüşləri davam etdirəcəyəm”.
Xatırladaq ki, bir müddət əvvəl qondarma "DQR"in "prezidenti” Arayik Arutyunyan Ruben Vardanyana "respublikanın dövlət naziri” olmasını təklif etdiyini açıqlamışdı.
Nizami Bağırov
Şərhlər