Ekonomiks 13:57 26.10.2022

Qarabağın "hava qapısı" dünyaya açılacaq - Deputat

"Füzuli Beynəlxalq Hava Limanı ermənilər tərəfindən  tamamilə dağıdılmış və xarabağılığa çevrilmiş şəhərdə inşa edilən aeroportdur. Bu da hava limanının xüsusi özəlliklərindədir. Bununla belə, artıq Füzuli şəhəri də inşa edilir və gələn il ilkin məskunlaşma olacağı gözlənilir”.  

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bir il bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılan Qarabağın "hava qapısı"nın əhəmiyyətindən danışarkən deyib.
 
Onun sözlərinə görə, bundan sonra hava limanın əhəmiyyəti daha da artacaq:
 
"Beynəlxalq Hava Limanı istifadəyə verildikdən sonra həm Bakıdan, həm də ölkə xaricindən aeroporta mütəmadi olaraq reyslərin təşkil edilməsi müşahidə edilib. Ötən bir ildə xüsusən Şuşa şəhərində keçirilən tədbirlərə getmək üçün Bakıdan, bir sıra hallarda isə digər ölkələrdən Füzuliyə birbaşa reyslər olub. Füzuli şəhərinin Baş planına uyğun olaraq, həm yaşayış binalarının, həm də sosial-inzibati obyektlərin inşası həyata keçirilir. 2023-cü ilin payız aylarında rayonda ilkin məskunlaşmanın başlanması gözlənilir. Məskunlaşmadan sonra mütəmadi, cədvəl üzrə reyslər həyata keçiriləcək. Qarabağda və Şərqi Zəngəzurda əhalinin məskunlaşması həyata keçirildikcə hava limanından daha sıx şəkildə istifadə ediləcək”. 


Deputat qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanı strateji mövqeyə malikdir, işğaldan azad olunmuş ərazilərdən yalnız Zəngilanda məskunlaşmanın həyata keçirilməsinə baxmayaraq, bu hava limanından istifadə səviyyəsi yüksək olub:
 
"Reyslərin həyata keçirilməsi bir daha təsdiq edir ki, hava limanı kifayət qədər strateji əhəmiyyətə malikdir. Eyni zamanda, Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir. Bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq hava limanı prosesə xüsusi töhvə vermiş olacaq. Füzuli Hava Limanı Qarabağımızın Azərbaycan iqtisadi re-inteqrasiya baxımından vacibdir”. 

Vüqar Bayramov bildirib ki, işğaldan azad olunan ərazilərimiz bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir:
 
"Bu əlavə 9 milyard manata yaxın yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan çox yaxın gələcəkdə Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhvə verəcək”.

Bahar