"Bir dəfəyə 6 kiloqram qarpız yeyən şəxs zəhərlənə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hazırda satışda olan qarpızlarla bağlı danışarkən deyib.
Sədr bildirib ki, birlik uzun illər ərzində qarpızların tərkibindəki nitratların miqdarını ölçən xüsusi cihazlarla mütəmadi monitorinqlər aparıb:
"İldən-ilə qarpızların tərkibindəki nitratların miqdarı azalır. Məsələn, qarpız bir il əvvəl yonca əkilmiş sahədə becərilərsə, torpaqda qalan nitratları özünə çəkə bilər. Qarpızda nitratın miqdarı bir kiloqram məhsulda 60 milliqramdan artıq olmamalıdır. Zəhərlənmə riski isə bu göstərici 260 milliqrama çatdıqda yaranır. Bu o deməkdir ki, tərkibində minimum səviyyədə nitrat olan qarpızdan belə bir insan bir oturumda təxminən 6 kiloqram yeyərsə, zəhərlənmə həddinə çata bilər".
Eyyub Hüseynov qeyd edib ki, bu il qarpızla bağlı xüsusi monitorinqlər aparılmayıb:
"Hazırda satışda olan qarpızların əksəriyyəti istixanalarda yetişdirilir və ya xaricdən gətirilir. Bununla belə, Qida Təhlükəsizliyi Agentliyi Bakı bazarlarında satılan məhsullara nəzarət edir. Regionlarda nitrat miqdarı normadan yüksək olan qarpızlara rast gəlinməsi mümkündür. Nitratdan istifadə yalnız qarpızçılıqda deyil, kənd təsərrüfatının bir çox sahəsində tətbiq olunur. Burada əsas məsələ fermerin məhsulun yetişdirilməsi zamanı nə qədər gübrədən istifadə etməsidir".
Sədr nitratlı qarpızın bəzi xarakterik əlamətlərinin olduğunu da xatırladıb:
"Nitratı çox olan qarpızlar adətən iri ölçülü olur. Bıçaq vurulduqda çatlamır, içərisi çəhrayı rəngdə görünür və ağ zolaqlar müşahidə edilir. Hətta bəzi hallarda daha şirin olur. Nitratı az olan qarpız isə kəsilən zaman çatlayır, qabığı nazik, içi isə al-qırmızı rəngdə olur. Belə qarpızların çəkisi adətən 5-6 kiloqramdan artıq olmur. İstehlakçılar bu məqamlara diqqət yetirməlidirlər. Hər halda, bir oturumda həddindən artıq qarpız yemək məsləhət deyil. Məhsulun nitratlı olması halında zəhərlənmə baş verə bilər".
Bahar Rüstəmli
Şərhlər