Dünya 14:45 26.07.2022

Qazaxıstan Avropanın kömür bazarını Rusiyanın əlindən aldı

Qazaxıstan Avropaya kömür tədarükündə Rusiyanı əvəzləyib. Yanvar-may ayları ərzində respublika Avropa İttifaqı ölkələrinə 1,5 milyon ton kömür tədarük edib ki, bu da 2021-ci ilin bütün dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” məlumat paylaşıb

Yanvar və fevral aylarında Nur-Sultan Aİ-yə 140-200 min ton kömür satıb, Ukraynada müharibə başlayandan sonra bu rəqəmlər 300-400 min tona yüksəlib. Müqayisə üçün: 2021-ci ilin aprel və may aylarında Qazaxıstanın Avropaya kömür tədarükü 70 min tondan çox olmayıb. 

Qazaxıstan avqustda Rusiya resurslarından imtina edəcək Avropaya tədarük həcmini əhəmiyyətli dərəcədə artıra bilər. Qazaxıstan kömürünün keyfiyyəti Avropanın istilik elektrik stansiyaları üçün uyğun gəlir və onun əsas alıcılarından biri İsveçrədir (ötən il 4,8 milyon ton).

Eyni zamanda, ölkə öz enerji ehtiyatlarını Rusiya Federasiyası ərazisindən ixrac edir ki, bu da problemə çevrilə bilər. Respublika prezidenti Qasım-Comart Tokayev Sankt-Peterburqdakı iqtisadi forumda Vladimir Putinin iştirakı ilə çıxışı zamanı rus təbliğatçılarının fəaliyyətini tənqid etdikdən və "LDXR”-in müstəqilliyini tanımağa yox dedikdən sonra artıq Moskva Qazaxıstan neftinin tranzitini qadağan etməyə cəhd edib. 

Bundan başqa, Avropa sanksiyaları səbəbindən Rusiya dəmir yolları ilə kömür daşınmasında çətinliklər yarana bilər. Qazaxıstan Xəzər dənizindəki Aktau limanını inkişaf etdirə və Azərbaycan və Gürcüstan vasitəsilə kömürü ixrac edə bilər, lakin bu, vaxt və pul tələb edəcək, - "Alfa-Bank”ın analitik tədqiqatlar üzrə direktoru Boris Krasnojenov bildirib.

Aİ-nin Rusiya kömürünün alınmasına dair embarqosu avqustda qüvvəyə minəcək. Avropa ölkələri alternativ variant kimi Qazaxıstandan başqa İndoneziya, Avstraliya, Kolumbiya, Tanzaniya, Nigeriya, Cənubi Afrikanı görürlər.

Nizami Bağırov