Dünya 10:07 29.12.2023

Qazaxıstan Talibanı qadağan olunmuş təşkilatlar siyahısından çıxardı

Qazaxıstan hakimiyyəti "Taliban" hərəkatını respublikada qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov "Kazinform" agentliyinə müsahibəsində məlumat verib.

Smadiyarov qeyd edib ki, Qazaxıstan ölkədə qadağan olunmuş terror təşkilatlarının milli siyahısını yeniləmək üçün mütəmadi olaraq audit aparır.

"Bu prosesin bir hissəsi kimi BMT praktikasına uyğun olaraq Talibanın siyahıdan xaric edilməsi barədə qərar qəbul edilib. Belə ki, BMT Təhlükəsizlik Şurasının məcburi olan qətnamələrinə əsasən, Taliban hərəkatı BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan təşkilatlar siyahısına daxil edilməyib”, deyə diplomat bildirib.

Qeyd edək ki, 1994-cü ildə yaranan və 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olan Taliban rejimi 11 sentyabr hücumlarından bir ay sonra ABŞ və müttəfiqləri Əfqanıstana müdaxiləsi nəticəsində devirilmişdi. Qruplaşma 2021-ci ildə ABŞ qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra yenidən hakimiyyəti ələ keçirib.

Aydın