İdman 17:20 18.02.2023

"Qəbələ" Premyer Liqada 6 turdan sonra qələbə qazandı

Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qırmızı-qaralar"ın qollarını 44-cü dəqiqədə Ülvi İsgəndərov və 56-cı dəqiqədə Rafael Utziq vurub. 85-ci dəqiqədə əyalət təmsilçisinin yarımmüdafiəçisi İsnik Alimi avtoqol müəllifi olub.

Beləliklə, altı turdan sonra qalib gələn "Qəbələ" xallarını 31-ə çatdıraraq 4-cü pillədəki yerini qoruyub. 18 xalı olan "Sumqayıt" isə 7-ci sırada qərarlaşıb.

Günün ikinci oyununda "Neftçi" "Bakcell Arena"da "Səbail"i sınağa çəkəcək.

Qeyd edək ki, açılış oyununda "Kəpəz" Gəncədə "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib. Tura fevralın 19-da keçiriləcək "Zirə" - "Qarabağ" və "Sabah" - "Turan Tovuz" matçları ilə yekun vurulacaq.