Fevralın 24-dən bəri Çinin Rusiya enerjisindəki rolu dəyişibmi? İyulun 8-də Vaşinqtonda Atlantika Şurası ekspertlərinin dəyirmi masası bu sualın cavabına həsr olunub.
Çin Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalarına böyük ölçüdə əməl edib, lakin o, şimal qonşusundan xam neft, kömür və təbii qaz almağa davam edir. Qərbin qarşıdakı aylarda Rusiyanın enerji ixracına daha sərt sanksiyalar tətbiq etməyi düşündüyü bir vaxtda Pekin buna necə reaksiya verə bilər?
Rusiya və Çin arasında enerji tərəfdaşlığı mübahisəlidir: Çinin dövlət enerji şirkətləri Rusiyada neft-kimya layihələrini, o cümlədən mayeləşdirilmiş təbii qaz (LNG) layihələrini dayandırıb. Dünyanın iki ən böyük avtokratiyası arasında enerji əlaqələri genişlənəcək, yoxsa Pekin öz iqtisadi maraqlarına görə Moskvadan daha da uzaqlaşacaq? Pekin Moskvanın Qərblə problemlərini və sanksiyaları özünə fürsət, yoxsa təhlükə hesab edir, yoxsa hər ikisidir? – Atlantik Şurasının Avrasiya Mərkəzinin direktoru, 2003-2006-cı illərdə ABŞ-ın Ukraynadakı səfiri Con Herbst sualı belə qoyur.
"2021-ci ildə Rusiya artıq Çinə ikinci ən böyük xam neft tədarükçüsü idi və bu həcm boru kəmərləri və dəniz daşımaları arasında bərabər bölünürdü, - Kolumbiya universitetinin qlobal enerji siyasəti mərkəzinin baş elmi işçisi Erika Douns (Erica Downs) deyir. – Bundan əlavə, Rusiya Çinə ikinci ən böyük kömür və üçüncü ən böyük təbii qaz tədarükçüsüdür. O, şübhəsiz ki, Çinə həm təchizat, həm də enerji idxalı mənbəyini şaxələndirməyə kömək etmək üçün hər hansı digər ölkədən daha çox işlər görüb. Bu, transsərhəd neft və qaz kəmərlərinin inkişafı hesabına həyata keçirilib”.
Erika Douns hesab edir ki, Rusiyanın çətinliklərindən ən çox Çin qazanıb: sanksiyalar "Çinə Rusiyadan çoxlu mədən yanacağını ucuz qiymətə idxal etməyə imkan verib. Onlar digər ölkələrin imtina etdiyi böyük resursları, xüsusən də nefti alırlar və bu, potensial olaraq Pekinə Rusiya ilə güclü mövqedən yeni infrastruktur və ya təchizat layihələri, ola bilsin, satınalmalar barədə danışıqlar aparmaq imkanı verir”.
Digər tərəfdən, görünür ki, Çin çox ehtiyatlı davranır, deyə Tafts universitetinin Fletçer məktəbinin iqlim siyasəti laboratoriyasının tədqiqat professoru və idarəedici direktoru Emi Caffe (Amy Jaffe) qeyd edir. Çinin Rusiyaya "rusların xüsusilə görmək istədikləri şeyi təklif etməsi nəzərə çarpmır: məsələn, biz böyük yeni müqavilələr barədə məlumat görmürük”. "Sibirin gücü” ikinci qaz kəmərinin layihəsi üzrə iləliləyişlər yoxdur. Çin şirkətləri hələlik aktivləri almır və ya Rusiyanın kəşfiyyat və hasilatına investisiya qoymur.
Ekspertlər xatırladırlar ki, "Sibirin Gücü” qaz kəmərinə dair müqavilə "Qazprom”la Çin Milli neft və qaz korporasiyası CNPC arasında 2014-cü ilin mayında, Krımın ilhaqından sonra imzalanıb və "o zaman Putin üçün böyük qələbə kimi görünürdü, çünki o, dünyanın qalan hissəsinə onu böyük sövdələşmələrlə dəstəkləyən güclü bir dostu olduğunu nümayiş etdirməyi bacarmışdı". Lakin səkkiz il sonra reaksiya çox fərqli oldu. "Çin Putin üçün çətin tərəfdaşa çevrilib”.
Strateji və beynəlxalq araşdırmalar mərkəzinin (CSIS) enerji təhlükəsizliyi və iqlim dəyişikliyi üzrə eksperti Edvard Çou (Edward Chow) Çinin Rusiya ilə bir o qədər də oynamaq istəmədiyinə, əslində, ABŞ-a qarşı olmaq istəyinə diqqət çəkir: münaqişə dövründə Rusiya Çinə əlavə olaraq dörd yüz min ton LNG satıb. Bu, bir il əvvəllə müqayisədə 50% çoxdur, baxmayaraq ki, Çinin enerji ehtiyacı bu yaz karantin səbəbindən azalıb. Bu gün ABŞ-da onlarla yeni LNG layihəsi həyata keçirilir, onların potensial müqavilələrinin 30%-i Çinə aiddir. Beləliklə, son bir neçə ay ərzində Çin ABŞ-ın LNG bazarını bloklamaq üçün böyük səy göstərib.
Ekspertin sözlərinə görə, Çin Rusiya tədarüklərinə 30% endirim əldə edib - təkcə qaza deyil, həm də neftə. Bununla belə, tədarükün daha da artması çətin ki, mümkün olsun: Avropa istehlakında yeni azalma Çin və Hindistan emalları ilə kompensasiya edilə bilməz. Çou hesab edir ki, bu tədarüklərdə əsas məsələ hətta endirim də deyil: "Çin-Rusiya münasibətləri üçün əsas məsələ odur ki, Rusiya təcili olaraq öz iqtisadiyyatının maliyyə resurslarını və silahlı qüvvələrinin döyüş qabiliyyətini artırmalı olanda, Çin Kremlə bu məsələdə yardım göstərir, ya yox?"
Atlantik Şuranın Geoiqtisadiyyat mərkəzinin baş elmi əməkdaşı Brayan O'Tul (Brian O'Toole) xatırlayır: "İşgüzar danışıqlar üçün Çinə gələndə siz daim eşidirsiniz ki, Rusiya və Çin sənaye nümayəndə heyətlərindən olan həmkarlar sizə qarşı tərəfdən necə məyus olduqlarını, rusların çinlilərdən, çinlilərin isə ruslardan necə şikayət etdiyini söyləyirlər. Məsələ burasındadır ki, Rusiya neft və qazın ən böyük ixracatçısıdırsa, deməli, Çin də ən böyük neft və qaz idxalçısıdır və onların hər zaman müəyyən mənada əks maraqları olacaq. Əvvəlki illər onlar üçün "bal ayı” olmayıb və müharibə gələcəkdə vəziyyəti daha da pisləşdirəcək, "Eyni zamanda endirim etməyə məcbur olarsa, Kremlin tədarükləri artırmasının nə mənası var?" - O'Tul qeyd edir.
"Rusiyanın indi neft və qaza 30% endirimi qəbul etməyə məcbur olmasının səbəblərindən biri bazarda Rusiyanın uzunmüddətli təchizatçı kimi etibarlılığına şübhə ilə yanaşılmasıdır, - Erika Douns izah edir. - Müharibə Çinin öz enerji təhlükəsizliyi ilə bağlı onsuz da artan narahatlığını daha da gücləndirir. Və onların kökləri ABŞ-Çin ticarət müharibəsi və Çinin öz daxili resurslarını inkişaf etdirmək üçün ehtiyac duyduğu enerji texnologiyasına çıxışın olub-olmaması ilə bağlı narahatlıqlardır”. Bu ciddi fonda Rusiyanın Çinə kömək etmək üçün edə biləcəyi yeganə şey endirimdir. Və bu endirimi əldə etmək artıq danışıqlar aparanlar üçün texniki işdir.
"Çin şirkətləri başqa bir böyük təbii qaz tədarükçüsü olan Qətərlə də danışıqlar aparır. Çin, əlbəttə ki, Rusiya endirimlərindən yararlanmağa davam edəcəyinə ümid edir, lakin uzunmüddətli perspektivdə müharibə onun üçün diversifikasiyanın vacibliyini göstərir”, - Emi Caffe yekunlaşdırır.
Rusiyaya gəlincə, Edvard Çounun qeyd edir ki, müharibə getdikcə daha çox resurslarını istehlak etməyə başlayır: xüsusilə dizel və aviasiya yanacağı; ona görə də ixraca təklif oluna və əhəmiyyətli endirimlərlə satıla bilən resurslar Rusiya rejimi üçün artmayacaq.
Qaynarinfo
Şərhlər