Dünya 17:26 30.05.2023

“Qərb Ərdoğan Türkiyəsi ilə işləməyə məcburdur” (Ekspert)

"Qərb dövlətləri liderlərinin Ərdoğanı təbrik etmələri diplomatik etiketdən irəli gəlir. Digər tərəfdən, Qərb anlayır ki, Ərdoğanla münasibətləri normallaşdırmaqdan başqa yolları qalmayıb”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Türkiyədəki seçkilərdə qalib gələn Ərdoğanı ilk təbrik edənlərin onu kəskin tənqid atəşinə tutan Qərb ölkələrin liderlərinin olmasına münasibət bildirərkən deyib:
 
"Son dövrlər cərəyan edən proseslər göstərir ki, müstəqil, suveren, öz mövqeyi olan və beynəlxalq aktora çevrilən Türkiyə birləşmiş Qərb tərəfindən çətin həzm olunur. Çünki onlara Ərdoğana qədərki dönəmdəki Türkiyə lazım idi. Ərdoğan hakimiyyəti dövründə isə Qərb güclü Türkiyə ilə qarşı-qarşıya gəlməli olub. Ona görə də Qərb ölkələri açıq və gizli üsullarla çalışırdı ki, seçkilərdə Ərdoğan uduzsun və onların sözünə baxan yedək bir siyasətçi iqtidara gəlsin. Amma türk xalqı Ərdoğana səs verməklə Qərbin bu oyununu pozdu”. 

Ekspert qeyd edir ki, yaranmış vəziyyətdə Qərb türk xalqının yaratdığı reallıqları qəbul etmək məcburiyyətindədir:
 
"Bu realıqda Qərb Ərdoğan Türkiyəsi ilə işləməyə məcburdur. Qərb liderlərinin Ərdoğanı qələbə münasibətilə təbrik etmələri tək regional deyil, qlobal prosesdə Türkiyə ilə birgə işləmək arzusunu dilə gətirmələri Ərdoğan faktorunu qəbul etmək zorunda qalmaları anlamına gəlir. Onlar başa düşür ki, dünyadakı bir sıra prosesləri Türkiyə faktoru olmadan həll etmək mümkünsüzdür. Bu vəziyyət Qərbin Ərdoğanın yaratdığı reallığı qəbul etmək anlamına gəlir. Son illər bir sıra beynəlxalq böhranlar məhz Ərdoğanın işə qarışması fonunda öz həllini tapıb. Ukraynanın taxıl böhranı və Rusiya ilə Kiyev arasında bir sıra məsələlərin tənzimlənməsində məhz Ərdoğan faktoru mühüm rol oynadı”. 

Qeyd edək ki, Türkiyədə keçirilən seçkilərdə qalib gələn Ərdoğanı ilk təbrik edən ölkələr Qərb dövlətləri olub. Fransa, Almaniya, ABŞ, Böyük  Britaniya liderləri Ərdoğanı təbrik etməklə yanaşı, Türkiyə ilə əlaqələrin inkişafında maraqlı olduqlarını ortaya qoyublar. Halbuki, seçkinin nəticələri elan  edilənə qədər Qərbin Ərdoğana qarşı çıxdığı və onun opponenti Kılıcdaroğlunun seçilməsində maraqlı olduqları vurğulanırdı. 

Rüfət Sultan