Dünya 12:46 14.10.2022

Qərb Rusiya ordusunu məhv edəcək, bu, blef deyil - Borrel

Ukraynaya qarşı nüvə hücumu sərt cavabla nəticələnəcək: Qərb bu cür silahlara əl atmadan Rusiya ordusunu məhv edəcək.

Qaynarinfo xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiyasının rəhbəri Cosep Borrel deyib.

"Nüvə təhlükəsi var və Putin deyir ki, o, blef etmir. Aydın başa düşmək lazımdır ki, Ukraynanı, üzv ölkələrlə Avropa İttifaqını, NATO ilə ABŞ-ı dəstəkləyən insanlar da blef etmirlər. Ukraynaya qarşı istənilən nüvə hücumu hərbi reaksiyaya səbəb olacaq. Nüvə reaksiyası olmayacaq, amma o qədər güclü olacaq ki, Rusiya ordusu tamamilə məhv ediləcək”, deyə Borrel bildirib.

Onun sözlərinə görə, "bu, tarixin ciddi məqamıdır” və Avropa İttifaqı "birlik, güc və tam qətiyyət nümayiş etdirməlidir”. Borrel əlavə edib ki, bütün dünya Ukraynadakı müharibənin tezliklə başa çatmasında maraqlıdır: Avropa İttifaqı Kiyevi dəstəkləməyə və diplomatik həll yolları axtarmağa davam edəcək, lakin "indiyə qədər belə bir həll yollarının heç biri yoxdur”.

NATO-nun baş katibi Yens Stoltenberq də xəbərdarlıq edib ki, Rusiya nüvə silahından istifadə etsə, "çox vacib sərhədi keçəcək” və bu, "ciddi nəticələrə” səbəb olacaq. "Putinin nüvə ritorikası təhlükəli və ehtiyatsızdır. NATO Rusiyanın nə etdiyini diqqətlə izləyir - o, başa düşməlidir ki, nüvə müharibəsində qalib gəlmək olmaz”, deyə o qeyd edib.

Oktyabrın 13-də Stoltenberq qeyd edib ki, alyansın özü nüvə silahından yalnız "son məqamda” istifadə edə bilər. Eyni zamanda, NATO Rusiya sərhədindən 1000 km məsafədə strateji nüvə təlimləri keçirməkdən imtina etməmək qərarına gəlib. Təlimlər gələn həftə başlayacaq. 
Stoltenberqin sözlərinə görə, manevrlər əvvəlcədən planlaşdırılıb və Ukraynadakı müharibə səbəbindən onlardan imtina "tamamilə yanlış siqnal olardı”. Baş katib izah edib ki, təlimlərin ləğvi, əksinə, eskalasiyaya səbəb ola bilər və "NATO-nun qəti, proqnozlaşdırıla bilən davranışı bunun qarşısını almağın ən yaxşı yoludur".

Birləşmiş Ştatlarda da Rusiyanın taktiki nüvə silahından istifadə etməsi halında cavab tədbirləri də müzakirə edilib. Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın sözlərinə görə, Vaşinqton Kremlə xəbərdarlıq edib ki, belə bir addım "Rusiya üçün fəlakətli olacaq - ABŞ və onun müttəfiqləri buna sərt cavab verəcəklər”: "Biz bunun nə ilə nəticələnəcəyini açıq və dəqiq şəkildə bildirmişik”.

ABŞ prezidenti Co Bayden Putinin nüvə silahından istifadə edəcəyinə inanmadığını desə də, belə bir senarinin olacağı təqdirdə Pentaqonun plan hazırladığını qeyd edib.

Xatırladaq ki, sentyabrın 21-də Rusiyada "qismən səfərbərlik” elan olunduğu gün prezident Vladimir Putin Rusiya ərazisini qorumaq üçün "bütün mümkün vasitələrdən” istifadə etməyə hazır olduğunu bəyan edib. 

Nizami Bağırov