Ekonomiks 09:52 02.05.2023

Qeyri-sabit hava şəraitinə görə Aqrar Sığorta Fonduna 92 müraciət daxil olub

Son üç gündə Aqrar Sığorta Fondunun 1651 saylı Çağrı Mərkəzinə qeyri-sabit hava şəraitinə görə fermerlərdən 92 müraciət daxil olub.

Bu barədə Qaynarinfo-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bəzi bölgələdə leysan yağışları, sel, subasma, külək, dolu və digər təbiət hadisələri nəticəsində meyvə bağlarına, əkin sahələrinə zərər dəyib. Təsərrüfatlarını sığorta etdirmiş fermerlər dəymiş zərərin müəyyən edilməsi üçün Aqrar Sığorta Fonduna müraciət edirlər. Müraciətlər daha çox Goranboy, Tərtər, Zaqatala, İsmayıllı, Cəlilabad, Şəki rayonlarında baş vermiş güclü yağışlar, dolu, sel və digər sığorta hadisələri ilə əlaqədardır.

Fermerlərin müraciətləri dərhal qeydə alınır, dəymiş zərərin müəyyənləşdirilməsi üçün aqrar sığorta ekspertləri bölgələrə ezam olunurlar. Sığortalanmış təsərrüfatlara dəymiş zərər müəyyən olunduqdan sonra fermerlərə sığorta müqaviləsi əsasında ödənişlərə başlanacaq.

Fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalatmış şəxs müqavilə üzrə baş vermiş sığorta hadisələri barədə hadisə baş verəndən 10 gün ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.

Bitkiçilik üzrə sığorta müqavilələrində dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri kimi sığorta hadisələri üzrə fermerlərə dəymiş zərərin ödənilməsi nəzərdə tutulur.