Alimlər qitələrin milyon illər ərzində necə "dərinlikdən ayrıldığını” və bunun Yer mantiyasındakı proseslərə necə təsir etdiyini araşdırıblar.
Qayanrinfo xəbər erir ki, Sautqempton Universitetinin geoloqları Nature Geoscience jurnalında dərc olunan yeni tədqiqatda okean ortasında yerləşən vulkanik adalarda niyə materik mənşəli kimyəvi maddələrin tapıldığını izah ediblər.
Əvvəllər elm adamları bu "materik izlərini” iki yolla izah etməyə çalışırdılar:
* Tektonik plitələrin sərhədlərində yenidən emal olunan okean çökmələri;
* Yer dərinliyindən qalxan isti süxur sütunları — yəni mantiyanın şleyfləri.
Amma bu nəzəriyyələr müşahidə olunan bütün faktlara cavab vermirdi. Bəzi vulkanik regionlarda yer qabığının təkrar emalı əlamətləri yox idi, digərləri isə çox soyuq və dayaz idi ki, onları dərin mantiyadan gələn proseslərlə izah etmək mümkün olsun.
Yeni tədqiqat fərqli yanaşma təklif edir: qitələr yalnız səthdə deyil, həm də 150–200 km dərinlikdə yavaş-yavaş "soyulur”.
Tektonik qüvvələr qitələri dartdıqca, onların altı boyunca "mantiyə dalğası” adlanan axın hərəkət edir və kontinental süxurların parçalarını qoparıb okean mantiyasına doğru daşıyır. Bu fraqmentlər bəzən 1000 kilometrdən çox məsafəyə hərəkət edir.
Okean mantiyasına düşən bu "qitə parçaları” ətrafdakı süxuru kimyəvi cəhətdən dəyişdirir və gözlənilməz yerlərdə uzunmüddətli vulkanizm üçün yanacaq rolunu oynayır. Beləcə, qitələrin parçalanması dayansa da, mantiyanın dərin qatlarındakı bu sistem milyon illər boyu aktiv qalır.
Alimlər bu nəzəriyyəni Hind okeanındakı sualtı dağlar zəncirinin — qədim Qondvana superqitəsinin dağılmasından sonra formalaşmış regionun — geokimyəvi məlumatlarını təhlil edərək sınaqdan keçiriblər.
Analizlər göstərib ki, Qondvananın parçalanmasından qısa müddət sonra maqmanın tərkibi qəfil "materik izləri” ilə zənginləşib. Zaman keçdikcə bu kimyəvi siqnal tədricən zəifləyib, bu da kontinentdən qopmuş materialın tükənməsi ilə izah olunur.
Məqalənin müəllifləri qeyd edirlər: bu kəşf dərin mantiyadan gələn şleyflərin mövcudluğunu istisna etmir, lakin Yer mantiyasının tərkibini formalaşdıran tamamilə yeni bir mexanizmə işarə edir. Qitələrin ayrılması dərinliklərdə uzunmüddətli zəncirvari hadisələri başladır — sanki Yer daxilində domino effekti yaranır və bu proses qitə köklərini dünyanın müxtəlif yerlərində baş verən geoloji aktivliklə birləşdirir.
Aydın
Şərhlər