Xəbər lenti

Hüseynbala Səlimov
Ölkə 10:55 01.09.2025

"Qul bazarı"nın bəyləri...

Komsomola sinif yoldaşlarımdan bir il əvvəl qəbul etmişdilər məni. Buna canımı pioner qalstukundan qurtarmaqçün çalışmışdım. Yalnız sonradan anladım əsl komsomolun nə olduğunu. 

Guya başqa, "Gənc qvardiya”da (hərə bir cür yuyur günahını, yazıçı Aleksandr Fadeyev də intihar etmişdi), hətta bizim "Yeddi oğul istərəm”dəki (aşağıda toxunacam) kimi də komsomollar vardı. Amma gercək təəssüratım tamam başqa oldu, xüsusən tələbəlik vaxtı. 

Daha kimlər yox idi aralarında? Bir rus vardı, şənbə-bazar günləri otaqları güdürdü ki, görsün hansı otaqda içki içir, siqaret çəkirlər? 

Həmin komsomolçuları düşünəndə ağlıma həm də prezident Vladimir Putin gəlir və onun hoqqalarına qəti təəccüblənmirəm. Hansı oyunu desən çıxarar, çünki sovetin (məhz sovetin! Dünyada böyük kommunist insanlar da olub; sadalamıram, özünüz də bilirsiz) KQB - komsomol-bolşevik məktəbini keçib. 

Birinci kursda şiddətli komsomol töhməti verdilər, xizək yürüşünə qatılmadığımçün! Qandıra bilmədim ki, cənubluyam, əməlli-başlı qar da görməmişəm, xizək sürməmişəm, heç əlimdə də tutmamışam, birdən bu qədər məsafəni qət etmək asan deyil, öyrənim, sonra da yürüşə çıxaram! Xeyiri olmadı.

Nədən deyirəm bunu? Əsla kin-küdurətdən yox, bayaqki xizək söhbətinə indi də gülməyim gəlir. Amma adamlar var, obrazlı desək, hələ də "üzü Kremlə yatır”,  "Sovet belə gəldi, elə getdi, Qərb belə etdi, elə etdi” - deyirlər. Sanki görməmişik Soveti! Yaxud kim "yankilər”i "imam övladı” bilir? Siyasətdir, hər üzü var, necə deyər, "əsəbləri zəif olanlar” kənar dursun... 

Bizim də bəzi təəssüratlarımız o quruluşla bağlıdır. 2017-də, "oktyabr inqilabı”nın yüzündə silsilə yazdım; o cümlədən televiziyamız, kinomuz və s. haqda.

Kim inkar edər ki, məsələn, Azərbaycan televiziyası və ya kinosu sovetin vaxtında yaranıb? Amma sovetin tərkibində, rusun təpiyi altında olmayan ölkələrdə, məsələn, hətta qonşuluqdakı molla İranında televiziya və ya kino yoxdur? Bir–iki ay bundan əvvəl cənublu rejissor Cəfər Pənahi ayəttullahların yaratdığı min cür əngəlləri dəf edərək Kann festivalının qalibi olmadımı? 

Ədəbiyyatşünas deyiləm, di gəl, hətta Cəfər Cabbarlının məşhur "Bir azad quşdum..” şeirini oxuyanda adama elə gəlir, gənc yazıçı artıq başa düşmüşdü ki, yaradıcı azadlığa son verilib, bundan sonra kolxozdan-traktordan yazmaq lazım gələcək, halbuki əvvəlki əsərlərində "vəhşi kapitalizmi” necə tənqid edirdi o; qəribəsi bu idi ki, "vəhşi kapitalizm”  "humanist bolşevizm”dən fəqrli olaraq belə şeyləri yasaq etmirdi və nə Cavidi, nə Əhməd Cavadı, nə də Müşfiqi kapitalizm və kapitalistlər yox, "daha humanist bolşeviklər” məhv etmişdi.     

Etiraf edirik ki, müəyyən irəliləyişlər də vardı onda, çünki böyük, iddialı və yeni imperiyaya savadlı adamlar da lazım idi. 

Həm də insanlar "yeni dövran”ın "üstünlükləri”nə də əmin olmalıdıydılar. Ona görə hərdən istisnalar olurdu. Məsələn, kinonu götürsək, çox filmlər "rəflər”də küllənirdi, amma "Durnalar uçur” kimi senzuradan keçən, hətta Kann qalib olan filmlərə də təsafdüf edilirdi. 

Sənətkarlar da bəzən siyasətçilər kimi mümkün olanları edir: ədəbiyyatda, sənətdə bəzi detallar ya sovet senzorlarının diqqətindən qaçırdı, ya da onlar hərdən azcacıq da olsa, azadlıq verirdilər ki, həm aldadıcı görüntü yaransın, həm də insanlar bütünlüklə potensial inqilabçı da olmasınlar: buna siyasətdə "bir az buxar buraxmaq” deyirlər.  

Post-sovet çağıının "apologetləri” deyilik, hər şey idealdır, yaxşısı yoxdur demirik. Düşünməyin ki, məsələn, Azərbaycanımızın ən yeni bəylərinə, əsas da "vəzifəsi fontan vuran” (Tağıyevin, Nağıyevin və b. buruqları fontan vururdı, bunlarınsa...) bəzi məmur–bəylərimizə xüsusi sayğımız var.

"Bəylik”lə bağlı detal. Yaxının söhbətidir. Bir tanışla dərdləşirdik. Yada ötən səksəninci-doxsanıncı illər düşdü. Vaxtilə mühəndis işləmiş tanışım deyirdi ki:" Gördüm sexdə fəhlələr biri-birilərini "bəy” çağırır. Dözmədim, qayıtdım ki, qardaşlar, bəy varsa, nökərləri də olmalıdır, axı nökərsiz bəy olmur”. 

Daha sonra dedi ki, neçə il sonra həmin fəhlə-bəylərdən birini təsadüfən  "qul bazarı”nda gördüm, inan ki, ürəyim ağrıdı...

Sovetin idealları (nəzəri cəhətdən!) gözəl, hətta romantik idi. Amma bunun üçün təklif olunan yollar nə idi? Problem bundadır! Hətta Buxarin kimi bolşeviklər də anlamağa başlamışdı bunları; fəqət, Avropada alındı, SSRİ-dəsə yox. 

"Yeddi ogul istərəm”i nahaq xatırlamadım. Xahiş edirəm, "kinematoqrafik zövqsüzlük”də-filanda qınamayın məni. Fellininin, Berqmanın, Spilberqin, başqa əcnəbilərin filmlərindən də xəbərdaram, təsəvvürüm var. Burada sovetlər, komsomol haqda danışıram. 

Sovet kinosu dövrün insanları üçün ilk və ən əsas kinematoqrafik təcrübə idi, tamam "boz təbliğat çarxları” da deyildi. Rejissorlar, senaristlər üstüörtülü olsa da müəyyən işarələr edirdi: bizim də o dövrki  filmlərdə (eləcə "Yeddi oğul istərəm”də) nə qədər sətiraltı işarələr vardı.   

Sözüm bunda deyil. Bolşeviklərin "ülvi məqsəd”lərindən danışanda  "Yeddi oğul istərəm”dəki komsomol Qasımın, bəli, kor Mədətin oğlu komsomol Qasımın kiçik monoloqu düşür yadıma: "Axşamlar işıqları yandıracaq və deyəcəklər ki, bəs bu gün "Ölülər”i göstərəcəklər. Kefli İsgəndər rolunda da Qasım Mədətoğlu özü oynayacaq”. 

Gözəl arzu idi! Gəl, bununçün Gəray bəyləri qırmaq lazım idi? Axı başqa cür də həll etmək olardı problemləri: məsələn, Avropadakı kimi...

Hüseynbala Səlimov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->