Ölkə 12:57 18.05.2022

Quru sərhədlər mərhələli şəkildə açıla bilər - Deputat

"Biz epidemiloji şərtlər çərçivəsində mərhələli şəkildə quru sərhədlərin açılmasının tərafdarıyıq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bu günlərdə ən çox müzakirə olunan quru sərhədlərin açılması məsələsindən danışarkən deyib.
 
Deputat bildirib ki, Operativ Qərargahın qərarından asılı olaraq bununla bağlı addımlar atılacaq:
 
"Bir müddət öncə quru sərhədlərin açılması ilə bağlı təkliflər paketini aidiyyatı qurumlara təqdim etmişik. Xüsusən, turizm mövsümünün başlandığını nəzərə alsaq, quru sərhədlərin açılması istiqamətində addımların atılması məqsədəuyğun olardı. Hətta biz quru sərhədlərin açılmasının mərhələli şəkildə reallaşmasını təklif edirik. Quru sərhədlərin açılması ilə bağlı qərar Operativ Qərargah tərəfindən verilir. Hazırda epidemiloji vəziyyət nəzərətdədir və yoluxma sayı kifayət qədər azdır, praktik olaraq əksər mühim qadağalar ləğv edilib”.
 
Vüqar Bayramov qeyd edib ki, bir sıra ölkələrdə, xüsusən Çində yenidən qapanma ilə bağlı qərarlar verlir:
 
"Amma bütövlükdə regionda vəziyyət stabil hesab olunur. Ona görə bu baxımdan quru sərhədlərin açılması bir başa regiondakı Azərbaycan və eyni zamanda regiondakı epidemiloji vəziyyət nəzərə alınaraq verilir. Operativ Qərargahın qərarından asılı olaraq addımlar atılacaq”.

Bahar Rüstəmli