Ölkə 17:02 17.02.2022

Qusarda dəhşət: 5 nəfər dəm qazından boğuldu, 3-ü azyaşlıdır (ADLAR/YENİLƏNİB)

Prokurorluq Qusarda 5 nəfərin dəm qazından boğularaq ölməsi barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.
 

16.42

Qusar rayonunda 5 nəfər dəm qazından boğularaq ölüb.

Qusar rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri İlham Xəlilov Modern.az-a bildirib ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Onun sözlərinə görə, faciə şəhərdəki evlərdən birində baş verib:

"Evdən beş nəfərin meyiti tapılıb. Hazırda hadisə yerinə hüquq-mühafizə oraqlanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, onlar dəm qazından boğularaq ölüb".