Ölkə 11:53 07.10.2022

Ramin Hacılı Ombudsmana müraciət etdi

Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Avropa Hərəkatının sədri "Azərbaycan Avropa Hərəkatı”nın rəhbəri Ramin Hacılı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə xanım Əliyevaya müraciət edib.

Qaynarinfo həmin müraciəti təqdim edir:

"Hörmətli, Səbinə xanım!

01 iyun 2022-ci il tarixindən Bakı Ağır Cinayətlər Məhkəməsində qondarma cinayət işi əsasında hakim Azad Məcidovun sədrliyi ilə işimə baxılır. İndiyədək baş tutmuş ondan çox məhkəmə prosesi zamanı qanunların kobud pozuntusu halları ilə rastlaşsam da heç bir sivil yolla öz hüquqlarımın bərpasına nail ola bilmirəm.

Qanunvericiliyə əsasən, məhkəmədə baş verən hüquq pozuntularından yalnız üst instansiya məhkəməsinə məhz həmin hakimlər (pozuntuya yol vermiş) vasitəsi ilə şikayət verilməlidir. İndiki halda hüquq mənə yalnız bir qanuni yol göstərir: hüquqlarımı pozan hakimlərdən Bakı Apellyasiya Məhkəməsinə şikayət etmək. 

Öz növbəmdə mən baş vermiş hüquq pozuntusu ilə bağlı əsaslandırılmış şikayət ərizələri hazırlayaraq işimə baxan hakimlərə təqdim etdim. Hakimlər Kollegiyası ərizəmi aidiyyatı üzrə Bakı Apellyasiya Məhkəməsinə hüquqi qiymət verilməsi üçün göndərmək əvəzinə baxılmamış saxlanılması barəsində qərar çıxardıblar.

Yeri gəlmişkən, baş vermiş qanun pozuntularından birini qeyd etmək istəyirəm. 01 iyun 2022-ci il tarixində məhkəmə mənim barəmdə həbs qətimkan tədbiri seçilməsi haqqında qərar çıxardı. Hansı ki, mən başqa işə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və bu əsasla həbsdə saxlanılıram. Qanuna əsasən, bir şəxs barəsində yalnız bir dəfə həbs qərarı çıxarıla bilər. Üzərimdə məhkəmə hökmü qüvvədə ola-ola Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri tərəfindən yenidən eyni məzmunlu qərar qəbul edilməsi kobud qanun pozuntusu və mənə qərəzli münasibətin təzahürü idi.

Haqlı olaraq bu qərardan da şikayət yazaraq baxılması üçün həm birbaşa, həm də işimə baxan hakimlər vasitəsilə aidiyyatı üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ünvanladım. Üzərindən 3 aydan çox zaman keçməsinə baxmayaraq, hələ də Bakı Apellyasiya Məhkəməsindən cavab ala bilmirəm. İşimə baxan hakimlər də "o şikayət baxılmamış saxlanılıb” deyirlər. Qanun pozuntuları da davam edir və tələsik məhkəmə prosesini yekunlaşdırmağa çalışırlar. 

Beləliklə mən bütün hüquqi yollardan məhrum edilmiş, "xüsusi nəzarət” altında saxlanılan azadlığı qəsb edilmiş "vətəndaş” kimi öz dövlətimin həbsxanasında qanunsuz olaraq sifarişlə və qondarma ittihamlarla saxlanılır, artıq yeddinci dəfədir ki, ordan-ora "etab" edilirəm.

Çox hörmətli, Ombudsman!

Qarşılaşdığım qanun pozuntuları ilə bağlı aidiyyatı üzrə şikayət yazdığım dövlət qurumları müraciətlərimi işimə baxan hakimlərə göndərir, onlar da öz növbəsində şablon cavab yazırlar. Qanunsuzluqlar isə davam edir. Həm bu, həm də başqa istiqamətlərdə hüquqlarım açıq şəkildə pozulur. Bilirəm ki, Sizin məhkəmənin işinə müdaxilə etmək səlahiyyətiniz yoxdur. Ancaq Siz ölkə rəhbərliyinə həqiqətləri deyə, bir vətəndaş kimi mənim yaşadıqlarımdan dövləti agah edərək yardımçı ola bilərsiniz. 

Sizdən xahiş edirəm ki, üzləşdiyim haqsızlıqlar barəsində məndən ətraflı məlumat alınması və ölkə rəhbərliyinə məruzə edilməsi üçün göstəriş verəsiniz.

İnanıram ki, öz hüquqlarımı doğma vətənimdə bərpa etməyimə yardımçı olacaqsınız və bu müsbət nümunə olacaq.

Əvvəlcədən Sizə öz dərin minnətdarlığımı bildirirəm!"

Qeyd edək ki, Ramin Hacılı və bir qrup şəxs Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) maddəsi ilə təqsirləndirilərək, qanunsuz miqrasiyanın təşkilində ittiham olunaraq istintaqa cəlb olunublar. Sonradan digər şəxslər azadlığa buraxılsa da, R.Hacılının işi ayrıca icraata verilib.