Dünya 23:05 23.08.2022

RBC: IMAX Rusiyada film nümayişi üçün avadanlıqlarından istifadəni qadağan etdi

İyunun 1-də Rusiya bazarını tərk edən Kanadanın IMAX şirkəti distribütörlərə rus filmlərini nümayiş etdirmək üçün öz avadanlıqlarından istifadə etməyi qadağan edib.

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə Cinema Park və Formula Kino birləşmiş kinoteatrlar şəbəkəsinin baş direktoru Aleksey Vasyasin bildirib.

Vasyasin izah edib ki, IMAX formatında filmlərin nümayişi üçün avadanlıq yerli distribütörlərə məxsus olsa da, ondan istifadə etmək üçün şirkətdən icazə tələb olunur. O, aydınlaşdırıb ki, hazırda IMAX sistemləri ilə təchiz olunmuş kinoteatrlar onun üzərində heç bir film nümayiş etdirə bilmir, çünki "şirkət tərəfindən formatın istifadəsinə birbaşa qadağa var”.

İş adamı Rusiya ofisini bağlayan IMAX-ın ən qısa zamanda geri dönəcəyini düşündüyünü deyib, lakin əlavə edib ki, Rusiya tərəfi "birtərəfli geri çəkilmə ehtimalını istisna etmək” üçün "şərtlərə yenidən baxmağı” planlaşdırır. Eyni zamanda, onun sözlərinə görə, IMAX geri qayıtmasa, distribütörlər onun avadanlıqlarında "başqa formatda filmlər nümayiş etdirəcəklər”.

Xatırladaq ki, bundan əvvəl eyniadlı kinematoqrafiya sistemini təqdim edən IMAX korporasiyasının 2022-ci il iyunun 1-dən Rusiyanı tərk etdiyi bildirilmişdi. Bütün Rusiya işçiləri işdən çıxarılıb və Moskvada yerləşən Şərqi Avropa, Hindistan və Yaxın Şərq üzrə vitse-prezidentin təmsil etdiyi rəhbərlik Londona yola düşüb.

Alpər