Sənət 15:45 18.05.2022

Rejissor: “Uşaqlardan bəziləri Cavanşiri gerçək erməni zənn eləmişdilər” (MÜSAHİBƏ)

Bu günlərdə Birinci Qarabağ müharibəsində əsir düşən, döyüşən, müharibənin travmalarını yaşayan qadınlardan bəhs edən "Köhnə çamadanlar” filminin təqdimatı keçirildi və film müəyyən müzakirələrə səbəb oldu. 

Qaynarinfo.az filmin rejissoru Səidə Haqverdiyeva ilə bu mövzuda söhbət edib.
 
- Səidə xanım, istərdim, söhbətimizə ilk filminizdən başlayaq. "Ər quyusu" komediya filminiz haqqında xüsusilə Yutub platformasında həm xoş sözlər, həm də tənqidi fikirlər səsləndi. Necə qarşıladınız tənqidi fikirləri? 

- "Ər quyusu" mənim ilk kino işim, belə deyim də, ilk kinematoqraf həyəcanımdır. Təbii ki, onu çəkəndə təcrübəm yox idi. Nəzəri bilgilər nə qədər çox olsa da, təcrübə, onun tətbiqi, təbii ki, tam başqa bir anlayışdır. Odur ki, filmin tənqid olunacağını əvvəldən  təxmin etmişdim. Amma bütün bunlara baxmayaraq, çəkmək, duyğularımı kino dili ilə anlatmaq kimi bir izahsız həyəcanım var idi. 
Ümumiyyətlə, mən həmişə haqlı, peşəkar tənqidləri hörmətlə qarşılayıram və nəticə çıxarmağa çalışıram. Çünki istənilən yaradıcılıq məhsulu kütləvi müzakirə predmeti olmaq üçün ortaya çıxarılır və burada – yəni tənqiddə heç bir qəbahət yoxdur. Təbii ki, söhbət sağlam, peşəkar, qərəzsiz tənqiddən gedir. Bu mənada mən həm də tənqidi kimin etdiyinə baxıram. Yəni baxır bu tənqidləri kim, hansı məqsədlə edir. Amma ortada qərəz və təhqir varsa, bunu əhəmiyyətli hesab etmirəm. Odur ki, belə hallar məni zərrə qədər də qıcıqlandırmır. Düşünürəm ki, bunu paxıl və cılız adamlar edər. 



- "Köhnə çamadanlar" adlı film çəkmək ideyası nə vaxt və necə yarandı? Adın özü də maraqlıdır, çünki filmdə sözün birbaşa mənasında çamadan yoxdur. 

- İki il bundan əvvəl biz, yəni, Sevda Sultanova, Həmidə Rüstəmova və mən istəyirdik ki, Svetlana Alekseyeviçin "Müharibənin qadın üzü yoxdur" romanının motivləri əsasında "Kişi səsi” adlı tamaşa qoyaq. Ssenarini yazmağa başlayanda Sevda tələsməməyimizi istədi. Elə həmin il İkinci Qarabağ müharibəsi başladı. 44 günlük müharibədən sonra qərara gəldik ki, öz qadın qəhrəmanlarımızın həyatından bəhs edən teletamaşa hazırlayaq. Birinci Qarabağ müharibəsində əziyyət çəkən qadınlarla görüşməyə başladıq. Bu görüşlərdən sonra bizim teletamaşa planlarımız dəyişib film oldu. Və biz bir neçə qadının yaşantısından bəhs edən "Köhnə çamadanlar" adlı film çəkdik. Filmin adını mən düşünmüşəm. Xatırlayıram ki, əvvəllər bütün qadınların cehizlərində bir çamadan da olardı. O çamadanlarda qadınlara məxsus əşyalar qorunardı - yaylıq, ətir, fotoalbom, qoxulu sabun, bəzək əşyaları, bəzən də xatirə dəftəri və s. Heç vaxt qadınlar icazə verməzdi ki, uşaqlar onların çamadanlarına toxunsunlar. O çamadanlar adətən kilidli saxlanılar, əzizlənib yuxarı - əlçatmaz yerə qoyulardılar. Müharibə zamanı elindən-obasından qaçqın düşmüş həmin gəlinlərin çamadanları əl-ayaq altında köhnəlib xarab oldu, pərən-pərən düşdü, içindəkilər el-obaya səpələndi. Həmin çamadanlarda onların ən məhrəm xatirələri vardı. Sonra onlar qəlblərini çamadana döndərdilər. Bu dəfə yaşadıqları ən ağır günləri orda saxlayıb gizlətdilər. İllər sonra biz onların qəlbinə toxuna bildik və onlar sirləri bizimlə bölüşdülər. Və beləcə "Köhnə çamadanlar" yarandı. 

Bayaq da dediyim kimi, bu bir tamaşa ideyası idi. Sonra daha geniş auditoriyaya xitab etmək, qadınlarımızın ağrılarını bir qadın olaraq hiss edib, ifadə üçün daha kütləvi olan kino dilini seçdik. Əslində, başladığımız işin həm maddi, həm də mənəvi çətinliyini, ağırlığını da duyurduq.



- Film çəkmək üçün pulu hardan tapdınız bəs? 

- Film cüzi bir büdcə ilə - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əslində tamaşa üçün nəzərdə tutduğu vəsait ilə çəkilməyə başladı. Amma təbii ki, bu, heç ümumi xərcin 20 faizi də deyildi. "Köhnə çamadanlar” tammetrajlı bədii filmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "RS Prodakşn” və "OYUN" inklüziv teatrının birgə layihəsi olsa da, təbii ki, əsas maliyyə yükü prodakşının üzərinə düşdü. Bütün hallarda sevinirəm ki, fədakarlıq və böyük sevgi ilə həm də böyük komandanın işi belə yaxşı nəticə verdi.

- Səidə xanım, filmdəki aktyor işi sizi qane etdimi? Mən bilən aktyorların hamısı bu filmdə təmənnasız çəkiliblər. 

- Bir neçə aktyorla bundan əvvəl də işləmişdik. Amma elə aktyorlar var idi ki, ümumən tanışlığımız, əməkdaşlığımız yox idi. Buna rəğmən, iş prosesi maraqlı və səmimi oldu. Filmin büdcəsi az olduğuna görə, dəstək vermək məqsədilə Məmməd Səfa, Gülizar Qurbanova, Aqil M.Quliyev, Zümrüd Qasımova, Oksana Rəsulova və Ülviyyə Əliyeva qonorardan imtina etdilər. Digər aktyorlar isə cüzi miqdarda məbləğdə qonorar aldılar. Əlbəttə, əlimizdə imkan olsaydı, onların layiq olduğu ən yüksək qonorarı verərdik. Çünki hər biri ürəklə, böyük sevgi ilə girişdilər bu işə.



- Film qadınların müharibə hekayətləri haqqındadır. Sizcə, bu hekayətlər nə dərəcədə orijinal və yaxud nə dərəcədə ənənəvidir? 

- Bilirsiz, "Müharibənin qadın üzü yoxdur” romanı Nobel mükafatı alıb. Həmin romanın motivləri əsasında saysız hesabsız tamaşalara quruluş verilib, televiziya seriyalı çəkilib. Burdan görünür ki, 1941-45-ci illərdə müharibədən əziyyət çəkmiş qadınların həyatı həmişə sənət üçün maraqlı olub. Bizim qəhrəmanların da həyatında müharibə amansız izlər buraxıb, onların istər fiziki, istərsə də mənəvi dünyasını, varlığını məhv edib. Məhrumiyyətlərə rəğmən, amansız savaş qanunları və elə həm də qanunsuzluqları onların həyat eşqini, inamını, məsumluğunu əlindən almayıb. Onların çətinliklərə, dözülməz mənəvi sarsıntılara meydan oxuması, həyata, insanlara sevgiləri izahsız dərəcədə möhtəşəm hiss bəxş edir. Bu mənada onların ruh halı kino üçün insan təbiətini araşdırmaq baxımından da əla materialıdır. Bu talelər içi öz qadınlarımız daxil ümumən dünyada müharibə ilə üz-üzə dayanmağa məhkum edilmiş qadınlar, insanlar üçün də örnəkdir.

- Dostumuz Alpay Azər yazmışdı ki, əsirlikdəki səhnələrin xronometrajı daha az olsaydı, daha yaxşı olardı. Siz necə düşünürsünüz? 

- Alpay bəyin fikirlərinə hörmət edirəm. Lakin bunu qısaltmaq kimi bir düşüncədə deyiləm. Çünki onlar günlərlə bu acını, ağrını yaşayıblar. Bir şahidin sözlərini unutmuram. O deyirdi ki, Xocalıda əsir düşən bir qadının uşağını əlindən almışdılar. O durmadan "uşağımı verin” deyib hayqırırdı, bir saniyə belə toxtamırdı. Ona nə qədər işgəncə verdilər ki, qorxsun, sussun. Amma o, yenə eyni sözü deyirdi. Gördülər susmur, onu öldürdülər. Əlbəttə, bu filmdir. Eynilə çəkmək olmur. Amma o əzabı bir neçə dəqiqə artıq saxlamaq olar. Başa düşürəm, tamaşaçı, bir azərbaycanlı kimi o ağrıları hiss etmək, işgəncələrə məruz qalmış insanların əzablarına seyrçi qalmaq ağırdır, amma nə edək ki, bu bizim ən yaxın tariximizdə yaşadıqlarımızdır və biz onları daim kinonun, teatrın, ümumən sənətin dili, gözü ilə ifadə, təsvir etməliyik. Seyri dözülməz dərəcədə ağır olsa da...



- Mənim yazıda da qeyd etdiyim bir problem var. Filmlər üçün yaxşı uşaq aktyor tapmaq problemə çevrilib sanki. Amma sizin filmlərdəki uşaqlar rollarının öhdəsindən məharətlə gəliblər. Nə demişdiniz o uşaqlara?

- Filmdə gördüklərinizin hamısı olmuş hadisələrdir. Mən illərdir bu hekayələri dinləmişəm. Bəzi adlar şərtidir. Filmdə gördüyünüz erməni əsgəri obrazları (Aşot və Karen) Birinci Qarabağ müharibəsində qəddarlıqlarıyla ad çıxarıblar. Onların Youtube kanalında videoları da var. Aşotun (ad şərtidir) qəribə danışıq şəkli var. Aktyor Cavanşır Məhərrəmov həmin erməni əsgərinin prototipini yaradıb. Uşaqlara gəlincə,. onlar "Oyuq” teatr studiyasının yetirmələridir. Peşəkar müəllimlərdən dərs alırlar. İllərdir o uşaqlardan təşkil olunmuş studiya ölkədə, onun hüdudlarından kənarda müsabiqə və festivallarda uğurla iştirak edir. Onlara aktyorluq, vokal sənəti ilə yanaşı Qarabağ, vətən, müharibə mövzularında davamlı iş aparılır. Hər biri öz roluna elə həssas və məsuliyyətlə yanaşdılar ki, çəkilən əziyyətin əbəs olmadığın gördüm.

Çəkiliş ilə bağlı bir məqamı qeyd etmək istəyirəm. Deməli, biz, meşədəki qiyam kadrlarını çəkmək üçün uşaqları buna hazırlamağa başladıq. Onlarla yenidən Xocalıda baş verən terror haqqında söhbət etdik. Təbii ki, uşaq ürəklərində, yaş gilələnmiş gözlərində bu ağrı aydın sezilirdi. Amma təsirli və təbii təsvir üçün buna məcbur idik. Nəticə arzulanan oldu. Onlarla işləmək çətin olmadı. Hətta bizim uşaqlardan bəziləri Cavanşiri doğrudan erməni zənn eləmişdilər. 



- Vaxtilə məhsuldar ədəbi yaradıcılıqla məşğul idiniz. Hekayələriniz tez-tez saytlarda çap olunurdu. Amma deyəsən işlərin çoxluğundan bədii yaradıcılığa ara vermisiniz.

- İndi də hekayələr yazıram. Amma heç birini hər hansı ədəbiyyat portalına, qəzetə vermirəm. Ola bilər, yenidən kitab halında çap etdirdim. Amma hələ ki, onlar mənim özüm ilə söhbətimə bənzəyir və məncə, hələ ki, belə daha yaxşıdır.

- Müharibə filmi çəkmiş bir insan kimi fikirləriniz maraqlıdır. Azərbaycanda çəkilmiş hansı müharibə filmlərini sevirsiniz?

- Bu günə qədər dəfələrlə izləməyimə baxmayaraq, hələ də sevərək baxdığım filmlər var. "Şərikli çörək”, "Skripkanın sərgüzəştləri”, "Mən ki gözəl deyildim”, "Bizim Cəbiş müəllim”, "Tütək səsi” və "Fəryad”. 

- Ümumiyyətlə, oxucularımıza hansı müharibə filmlərinə baxmağı tövsiyə edərdiniz? Azərbaycanı dediniz, indi də dünyaya çıxırıq. 

- Bilirsiniz, hər kəsin öz film zövqü var. Çox sevdiyim filmlərin adını qeyd etmək istəyirəm. Bu sırada Vera Belmonun çəkdiyi "Canavarlar arasında sağ qalan”,  Pepe Dankvartın "Qaç, oğlan, qaç”, Elem Klimovun "Get və gör”, Steven Spilberqin "Şindlerin siyahısı”, Devid Eyrin  "Qəzəb” filmlərini xüsusi qeyd etmək istərdim.

Ümumiyyətlə, istər tamaşaçı, istərsə də rejissor olaraq insanın hisslərinə toxunan, onun ruhunu ifadəli təsvirə can atan filmlərə daha çox baxıram. Düşünürəm ki, müharibə onun qaynar nöqtəsində - od-alovunun içində olan üçün də, onu kənardan müşahidə edən üçün də eyni dərəcədə ağır yaşantıdır və onun şiddəti uzun zaman keçdikdən sonra da eyni dərəcədə hiss olunur.

- Müharibə filmi çəkmək, müharibə mövuzunda tamaşa qoymaq istiqamətini davam etdirəcəksinizmi?

- Planda bir tammetrajlı film və bir tamaşa var. İnşallah, sentyabrda filmin çəkilişərinə başlayacağıq.

Ağa Cəfərli