Dünya 10:35 15.11.2022

"Reuters": Çin Rusiyadan neft alışını azaldır, Hindistan isə tam imtina edə bilər

Çin neft emalı zavodları (NEZ) dekabr ayında tədarük üçün Rusiya neftinin alışını azaltmağa başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Lenta.ru "Reuters" agentliyinə istinadən məlumat yayıb.

Treyderlərin sözlərinə görə, istehlakçılar beşdən yeddi partiyaya qədər ESPO (Şərqi Sibir-Sakit Okean boru kəməri vasitəsilə tədarük edilən Sibir neftinin markası) alıblar, halbuki Rusiya Federasiyası ayda orta hesabla təxminən 30 partiya yanacaq ixrac edir. Mənbələr həmçinin bildiriblər ki, Çin müəssisələri tədarüklərə görə, məsələn, iki həftə əvvəlkindən daha aşağı qiymət ödəyiblər.

Çinin müstəqil neftayırma zavodları Aİ sanksiyalarının qüvvəyə minməsindən sonra başlaya biləcək Rusiyadan neft tədarükündəki fasilələrdən və Braziliya və Qərbi Afrikadan alternativ tədarüklərin artırılmasından sığortalanmaq qərarına gəlib. Bu ölkələrdən neft baha qiymətə satılsa da, müəssisələr bu addımı atıblar.

Çin dövlət müəssisələri də əvvəlki iki ayda böyük yanacaq ehtiyatı yaratdıqdan sonra sanksiya risklərindən qaçmaq üçün daha az Rusiya nefti almağa başlayıblar. Oktyabrda "Urals”ın tədarükləri gündə 235-340 min barel həcmində qiymətləndirilir. Vortexa analitiki Emma Li qeyd edir ki, bu, son iki ildə ən böyük yük daşıma olacaq. Onun sözlərinə görə, Rusiyadan neft alışının 85 faizi dövlət şirkətlərinin payına düşür ki, bu da cari ilin doqquz ayının orta göstəricisindən 3 dəfə çoxdur.

Rusiya neftinin ikinci əsas idxalçısı olan Hindistan Rusiya neftini almaqdan tamamilə imtina edə bilər. Bu, yükdaşıma xərclərinin yüksək olması səbəbindən baş verə bilər, bu halda ölkə Afrika və Yaxın Şərqdən idxala keçəcək.

Alpər