Dünya 14:30 27.05.2023

Rusiya agentliyi ABŞ nəşrini jurnalistin həyatı ilə hədələdi

Cümə günü Rusiya dövlətinə məxsus "RİA Novosti" agentliyi "Moskvadakı məlumatlı mənbəyə” istinadən yazıb ki, "The Wall Street Journal"ın son günlərdə dərc olunan nəşrləri qəzetin Rusiyada həbs edilmiş jurnalisti Evan Qerşkoviçin taleyinə təsir edə bilər. Bu həftə Rusiya ilə bağlı ən rezonanslı məqalə "RİA Novosti" agentliyinin xəbərindən bir neçə saat əvvəl dərc edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Agents.media” yazır.

"Əgər "Wall Street Journal" jurnalistika ilə bağlı olmayan fəaliyyətlə məşğul olmağa, Rusiya ilə bağlı dezinformasiya dərc etməyə davam edərsə, bu o demək olacaq ki, redaktorlar Qerşkoviçin taleyi ilə qətiyyən maraqlanmırlar”, deyə "RİA Novosti" "həmsöhbətinin” sözlərindən sitat gətirir.

Agentliyin saytında konkret hansı yazının təhlükə yaratdığı barədə məlumat verilmir. RİA-nın "mənbəsi” yalnız aydınlaşdırıb ki, son günlər WSJ "Rusiya ilə bağlı yalan ifadələrlə bir sıra məqalələr” yayıb.

"RİA Novosti" WSJ-nin Çin səfirinin Avropa ölkələrindən Ukraynanın ilhaq edilmiş bölgələrini Rusiyaya vermələrini xahiş etdiyi barədə məqalə dərc etməsindən qısa müddət sonra "mənbədən” bir bəyanat yayıb. WSJ Qərb rəsmilərinə istinadən yazır ki, Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Avropa ölkələrini "ABŞ-dan muxtariyyətlərini elan etməyə”, Ukraynada dərhal atəşkəs elan etməyə və işğal olunmuş əraziləri Rusiyaya verməyi təklif edib.  

WSJ-nin məlumatına görə, Avropa rəsmiləri çinli diplomata bildiriblər ki, Avropa "Amerikadan ayrıla bilməz” və Avropa ölkələri Ukraynanı dəstəkləməkdən imtina etməyəcəklər. Qəzetin həmsöhbətlərindən biri bildirib ki, Rusiya qoşunları çıxarılmadan münaqişənin dondurulması beynəlxalq ictimaiyyətin maraqlarına uyğun deyil. Huey ilə danışan mənbə etiraf edib ki, Çin "Qərbin birliyini sınamağa” çalışır. Digər həmsöhbət isə bildirib ki, Pekin Rusiyanın müharibədə uduzmasını və nüvə silahından istifadə etməsini istəmir.

Cümə günü Li Huey xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün Rusiyaya gəlib.

Son günlərdə WSJ həmçinin NATO-nun Ukraynaya İsrail təhlükəsizlik modelini (eksklüziv) təklif edə biləcəyi, Rusiyanın Dneprdəki xəstəxanaya zərbə endirməsi (məlum faktlar əsasında), həmçinin Yevgeni Priqojinin "Vaqner”i ilə Rusiya Müdafiə Nazirliyi arasında münaqişə ilə bağlı yazılar dərc edib. 

Xatırladaq ki, WSJ-nin jurnalisti Evan Qerşkoviç martın sonunda saxlanılıb. O, casusluqda ittiham edilərək Lefortovo istintaq təcridxanasına göndərilib. FSB jurnalisti Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məxfi məlumat toplamaqda ittiham edir, Gerşkoviç ittihamları rədd edir.

ABŞ Dövlət Departamenti Qerşkoviçi "qanunsuz həbs edilmiş” kimi tanıyıb. Ağ ev jurnalisti dəyişdirməyə çalışacağını bildirib.

Nizami Bağırov