Dünya 12:18 03.06.2022

Rusiya da Türkiyənin Suriyada əməliyyata başlamasına qarşı çıxdı

Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin kürd "terrorçularını” hədəf alan hərbi əməliyyatı ilə bağlı təhdidlərindən sonra Rusiya Türkiyəni Suriyanın şimalında hücuma başlamamağa çağırıb.

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.

Ərdoğan çərşənbə günü yenidən Suriyanın şimalında hərbi əməliyyatın keçirilməsini təklif edib.

"Ümid edirik ki, Ankara Suriyada onsuz da çətin olan vəziyyətin təhlükəli şəkildə pisləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinəcək",- Mariya Zaxarova verdiyi açıqlamada deyib.

Rusiya əməliyyatı Suriyanın ərazi bütövlüyünün pozulması hesab edib.

"Suriya Ərəb Respublikasının qanuni hökumətinin razılığı olmadığı təqdirdə belə bir addım Suriyanın suverenliyi və ərazi bütövlüyünün birbaşa pozulması olacaq" və "Suriyada gərginliyin daha da artmasına səbəb olacaq”,- o deyib. 

"Biz cənub sərhədimiz boyunca 30 km təhlükəsizlik zonası yaratmaq üçün daha bir addım atırıq. Təl Rıfat və Mənbici təmizləyəcəyik”,- Ərdoğan Suriyanın şimalındakı iki şəhəri nəzərdə tutaraq deyib.

Ərdoğan daha sonra "addım-addım digər bölgələrə” gedəcəklərini bildirib.

Türkiyə hökuməti YPG-ni Suriyada türk təhlükəsizlik qüvvələrinə hücum etməkdə ittiham edib.

Zaxarova bildirib ki, "Türkiyənin Suriya ilə sərhəd bölgələrindən gələn milli təhlükəsizliyə təhdidlərlə bağlı narahatlığını anlayırıq", lakin problem ancaq Suriya qoşunlarının bölgəyə yerləşdiriləcəyi təqdirdə həll oluna bilər. 

2019-cu ildə bağlanmış müqavilənin şərtlərinə görə, Türkiyə və Dəməşq rejiminin müttəfiqi olan Rusiya kürd qüvvələrinin Suriyada Türkiyə sərhədinə yaxın ərazilərdən çıxarılmasını təmin etmək və birgə patrul xidməti həyata keçirmək barədə razılığa gəliblər.

ABŞ dövlət katibi Entoni Blinken də çərşənbə günü NATO müttəfiqi Türkiyəni Suriyaya hərbi hücuma qarşı xəbərdarlıq edib və bunun bölgəni risk altına atacağını bildirib.

"Bu, qarşı çıxacağımız bir şeydir. Bizim narahatlığımız ondan ibarətdir ki, hər hansı yeni hücum regional sabitliyə xələl gətirəcək və bədxah aktyorlara qeyri-sabitlikdən istifadə etmək imkanları verəcək”, - Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

Nurlan Hüseynov