Rusiya nümayəndələri İstanbulda keçirilən danışıqlarda sülhə doğru konkret addımların müzakirəsinə mane olub, Ukrayna kimliyinin mövcudluğunu inkar edib və danışıqlarda irəliləyiş görüntüsü yaratmaq üçün WhatsApp qrupları yaratmağı təklif ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin müavini Sergey Kislitsa Britaniyanın "The Times” nəşrinə
danışıb.
Ukrayna Prezidenti Vladimir Zelenski ona Rusiya, ABŞ və NATO müttəfiqlərinin iştirakı ilə sülh prosesinə nəzarəti həvalə edib. Kislitsanın sözlərinə görə, danışıqlar 16 may, 2 iyun və 23 iyul tarixlərində İstanbulda baş tutub və Rusiya nümayəndələri hər bir ukraynalı iştirakçının şəxsi məlumatlarını ehtiva edən dosyelərlə gəlirmişlər.
"Onlar hər birimizin bioqrafiyasını əla bilirdilər və bəzən qəsdən təxribat xarakterli, xoşagəlməz sözlər deyirdilər”, – deyə Kislitsa bildirib.
Diplomatın sözlərinə görə, bu davranış Ukrayna tərəfini əsəbiləşdirmək və danışıqların pozulmasında günahlandırmaq məqsədi daşıyırdı. O deyib ki, Ukrayna nümayəndə heyətinin qarşısında keçmiş Ukrayna müdafiə nazirləri, generallar və diplomatlar əyləşmişdi, amma rusiyalılar buna baxmayaraq, "bizim kimliyimizi və milliliyimizi” inkar edirdilər.
Ukraynalılar əvvəlcədən razılaşmışdılar ki, tarix barədə mübahisəyə girməyəcək, dərhal gündəliyə keçəcəklər. Lakin rus nümayəndələri əsas məsələlərin müzakirəsindən yayınır, əvəzində müxtəlif "işçi qruplar” və "WhatsApp çatı” yaratmağı təklif edirdilər – guya amerikalılara danışıqların irəlilədiyi təəssüratını yaratmaq və yeni sanksiyalardan yayınmaq üçün.
"Normal danışıqlarda tərəflər arqumentlərini ortaya qoyur, ortaq nöqtələri axtarır, harada "boz zona”, harada qəbuledilməz mövqe olduğunu müəyyənləşdirirlər. Biz bu mərhələyə heç çata bilmədik”, – deyə Kislitsa vurğulayıb.
Onun sözlərinə görə, Rusiya tərəfi atəşkəsin müvəqqəti elan edilməsini belə müzakirə etməyə razı olmayıb, yalnız "ölənlərin cəsədlərini toplamaq üçün iki saatlıq fasilə” təklif edib.
Kislitsa bildirib ki, "diktatura rejimində olan bir ölkənin nümayəndələri ilə yaradıcı və səmimi danışıqlar aparmaq mümkün deyil”, çünki onlar yalnız liderlərinin iradəsini qorumaqla və "xəttdən yayınmamaqla” öhdəliklidirlər:
"Onlar bir-birilərini də izləyir və kimin xətti daha "sərt” qoruduğunu hesabatda göstərirlər”.
Ukrayna və Rusiya arasında aparılan sülh danışıqları barədə digər xəbərlərdə qeyd olunur ki, ABŞ Dövlət Departamentinin Daxili Kəşfiyyat Xidməti hələlik Putinin danışıqlara hazır olub-olmadığına şübhə ilə yanaşır, baxmayaraq ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bu məsələdə daha optimist mövqe sərgiləyib.
Eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş admiralı Ceyms Stavridis hesab edir ki, Ukrayna ilə bağlı istənilən sülh sazişinə üç əsas təhlükəsizlik təminatı daxil edilməlidir və Ukrayna özünü real şəkildə təhlükəsiz hiss etməlidir.
Alpər
Şərhlər