Dünya 12:57 19.04.2023

Rusiya kəşfiyyat aparır və Şimali Avropa sularında təxribat hazırlaya bilər (ARAŞDIRMA)

Rusiya Şimali Avropa ölkələrinin sularında kəşfiyyat aparır. Rusiya hərbçiləri enerji infrastrukturu obyektlərində təxribat hazırlaya bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə DK yazır.

Danimarka, Norveç, İsveç və Finlandiyanın ictimai yayımçıları Rusiyanın Baltik və Şimal dənizlərindəki fəaliyyəti ilə bağlı genişmiqyaslı araşdırma aparıblar. Analitiklər radio trafiki və Skandinaviya ölkələri ətrafında Rusiya gəmilərinin yeri haqqında məlumatları araşdırıblar.

Belə ki, Danimarka, Norveç, Finlandiya və İsveç ətrafındakı sularda çox sayda Rusiya gəmisi var. Rusiya Federasiyasının rəsmi məlumatlarına görə, onlar dənizin dibini öyrənirlər. Lakin ekspertlər hesab edir ki, xüsusi texnikanın köməyi ilə ruslar bu ölkələrin infrastrukturu haqqında məlumat axtarırlar.

Bu cür məlumatlar Rusiya Federasiyasına külək stansiyalarında, qaz kəmərlərində və rabitə kabellərində təxribat hazırlamağa kömək edəcəkdir. Ekspertlərin fikrincə, Rusiya Şimal-Qərbi Avropada elektrik enerjisinin paylanmasını da sabotaj edə bilər.

Araşdırmaçı jurnalistlər Şimali Avropanın sularında Rusiyaya məxsus "kabus gəmilərinin” üzdüyünü müəyyən ediblər. Bu gəmilər öz radarlarını (AIS ötürücüləri) söndürür və olduğu yerin məlumatlarını ötürmür. Bu gəmilərdən biri də "Admiral Vladimirski”dir.

Gəminin Britaniya və Niderland sahillərində yeddi külək stansiyasının perimetrini tədqiq etdiyi məlumdur. O, stansiyalara yaxınlaşanda sürəti xeyli aşağı salıb. Jurnalistlər Rusiya gəmisinə qayıqla yaxınlaşıblar. Göyərtədən onları hərbi tüfəngə bənzəyən silahı olan maskalı bir adam "qarşılayıb".

"Admiral Vladimirski”, həmçinin Kral Hərbi Hava Qüvvələrinin dəniz patrul təyyarələri donanmasının yerləşdiyi Lossimutdan 30 dəniz mili şərqində Şotlandiya sahillərində də görünüb.

Danimarka kəşfiyyatçısı jurnalistlərə verdiyi şərhdə təsdiqləyib ki, Rusiya Qərblə münaqişə olacağı təqdirdə təxribat hazırlaya bilər. Norveç kəşfiyyatı bu layihənin ruslar üçün vacibliyini və Moskvadan idarə olunduğunu vurğulayıb.

Nizami Bağırov