Dünya 13:13 24.03.2024

Rusiya "Krokus Siti" terrorundan Ukraynaya qarşı istifadə edə bilərmi? (ŞƏRH)

"Putin bu olaydan Ukraynaya hücumun miqyasını genişləndirmək üçün istifadə edəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Krokus Siti Hall"da baş verən terror aktını şərh edərkən deyib.

Ekspert bildiirb ki, Putin belə hadisələrə öyrəncəlidir:



"O, hakimiyyətinin ilk illərində Çeçenistana hücum etməzdən əvvəl Moskva yaxınlığında bir neçə binanı partladaraq, böyük bir qətliam törətmişdi. Sonradan isə bu olayları çeçenlərin üstünə atmaqla, ondan Çeçenistana hücum üçün istifadə etdi. İndidə bənzər ssenarini işə salmaq istəyirlər. Baş verən hadisədə Ukrayna izi axtararaq, özlərinə haqq qazandıran müxtəlif versiyalar yayırlar. Guya həmin terrorçular Ukraynadan göndərilib, Kiyevin onlar geri qayıdacaqları təqdirdə qapıları da açıq qoyub kimi uydurmalar uydururlar. 

Baş vermiş hadisədən Putin özünə qarşı daxildə mövcud olan mənfi rəyləri azaltmaq, hətta yox etmək üçün istifadə edəcək. Bu zəmin üzərində yeni səfərbərlik həyata keçirəcək, Rusiya ordusunun sayını artıracaq. Nəticədə, Putin olaydan Ukraynaya hücumun miqyasını genişləndirmək üçün istifadə edəcək. Amma nə etsə belə, atılan addımlar Rusiya üçün ciddi nəticələr verməyəcək. Çünki Qərb Ukraynaya ciddi şəkildə kömək etmək əzmindədir".

Qeyd edək ki, martın 22-i gücə saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus Siti Hall" otelinə terror hücumu nəticəsində 133 nəfərin öldürüldüyü, 154 nəfərin isə yaralandığı bildirilir. Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 11 şübhəli şəxs saxlanılıb. 

Rüfət Sultan