Dünya 17:39 26.05.2022

Rusiya Suriyadan çıxır: Boşluğu hansı dövlət ələ alacaq - İŞİD, İran, Türkiyə? (ŞƏRH)

Rusiya Suriyanın 8 strateji bölgəsindəki hərbçilərini geri çəkib. Bu barədə Suriyanın Milli Ordusu məlumat yayıb. Bildirilir ki, Həsəkə, İdlib, Həma, Hələb, Latakiya, Mənbic və Ayn əl-Ərəbdən rus ordusu çıxarılıb. Habelə, Türkiyə üçün starteji önəm daşıyan Tel Rifat istiqamətində də Rusiya əsgərləri qalmayıb. Suriyadan çəkilən rus hərbçilərin Ukraynaya göndərildiyi iddia edilir. O da vurğulanır ki, rusların çəkildiyi bəzi bölgələrdə ABŞ-ın kəşfiyyat qüvvələri müşahidə edilib.

O da qeyd edilir ki, İranın dəstəklədiyi şiə silahlı qruplaşmaları Latakiya-Hələb-İdlib xəttində Rusiyanın boşaltdığı əraziləri doldurmağa çalışır. Məlumata görə, Ukrayna müharibəsi başlayandan bəri Rusiya "Vaqner” üzvləri də daxil olmaqla 6-8 minlik qüvvəsini bölgədən çıxarıb. Rusiya Baş Qərargahı Suriyada yerləşən dəniz, quru və hava qüvvələrinin böyük hissəsini də, komandanlıq daxil olmaqla Ukraynaya göndərib. Suriyada Kadırova bağlı qüvvələrlə birlikdə 6500-7000 rus hərbçisinin qaldığı deyilir. 

Digər tərəfdən, Rusiyanın bölgəni boşaltması PKK düşərgəsində çaxnaşma yaradıb. Rusiyanın Türkiyə ilə anlaşdığını və onlara xəyanət etdiyini iddia edən PYD/PKK liderləri ABŞ-ı yenidən bölgədə möhkəmlənməsini istəyir. 

Rusiya hərbi qüvvəsinin əhəmiyyətli hissəsinin Suriyadan çıxması bu ölkədə qüvvələr nisbətində nə kimi dəyişikliklərə səbəb ola bilər? 
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlunun fikrincə, hər şey Rusiya qoşunlarının çıxması fonunda yaranmış boşluğu hansı ölkənin doldurmasından asılı olacaq: 

"Rus qüvvələrinin Suriyadan çıxarılması bu ölkədə müəyyən boşluğun yaranmasına gətirib çıxaracaq. Bu mənada Suriyada marağı olan qüvvələrin məhz bu boşluğu doldurmaq uğrunda yeni mübarizəyə başlayacaqlarını proqnozlaşdırmaq mümkündür. Rusiya qoşunlarının çıxacağı yerlər daha çox İrana yaxın qüvvələrin nəzarətinə veriləcək. 

Yaranmış vəziyyətdə əsasən Suriyanın şimalında terror qruplaşmalarının yenidən fəallaşacağını söyləyə bilərik. Zatən Suriyanın şimalında növbəti əməliyyata start verəcəyini açıqlamaqla Türkiyə əslində belə bir təhdidin mümkünlüyünü göstərmiş oldu. Bu mənada gözlər Türkiyəyə dikilib. Türkiyə Tiqlifat, Mimbiş, Ayn əl-Ərəb, yəni Kobani, Qamışlıq istiqamətində müəyyən əməliyyatlar keçirə bilər. Kobani uğrunda daha ciddi proseslərin şahidi olacağıq”.

Ekspertə görə, Qərb yenə də prosesdə dolayısı ilə iştirak edəcək:

"Qərb Suriyada gedən proseslərdə əvvəllər də dolayısı ilə iştirak edib. Boşluqdan istifadə edərək yenə də onlar dəstəklədikləri kiçik qruplaşmalar vasitəsilə dolayısıyla Suriyada aktivləşəcəklər. Amma Ukrayna məsələsilə əlaqədar ABŞ-ın Suriyada daha aktiv fazada iştirakını proqnozlaşdırmaq çətindir. Lakin obyektiv yanaşsalar, indiyə kimi Türkiyəyə burada vermədikləri dəstəyi onlar bu dəfə verə bilərlər”. 

Yaranmış vəziyyətdə həmsöhbətimizə görə, Əsəd rejiminin mövqeyi laxlamayacaq:

"Çünki Rusiyanın Əsəd rejiminin nəzarətində olan bölgələrdən qoşunlarını çıxarması fonunda həmin bölgələr İrana yaxın qüvvələrin nəzarəti altına keçir”. 

V. Zifəroğlu düşünür ki, mövcud situasiyada İŞİD də aktivləşə bilər:

"Şimalda isə müəyyən toqquşmaların aktivləşməsinin şahidi ola bilərik. Bu fonda boşluqdan istifadə edərək hətta İŞİD qruplaşmasının aktivləşməsi də mümkündür. Onlar tamamən məhv edilməyiblər”.

Rüfət Sultan