Dünya 17:18 07.03.2023

Rusiya təyyarəsinin Maçulişşidə partladılması: Lukaşenko 20 nəfərin saxlanıldığını dedi

Aleksandr Lukaşenko ölkədə Maçulişşi hərbi aerodromunda A-50 təyyarəsinin partladılmasında iştirak etdiyi iddia edilən 20-dən çox adamın saxlanıldığını bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Belarus dövlət mediası BELTA və "Ukrainska Pravda"nın SBU-dakı mənbəyi məlumat verib.

"Bu gün Belarus ərazisində olan 20-dən çox cinayət ortağı saxlanılıb. Qalanları orada (xaricdə - red.) gizlənir", - Lukaşenko deyib.

Lukaşenko belarusların qondarma "təxribatçı"nı necə aşkarlaya bildiklərinin təfərrüatlarını açıqlamayıb.

Onun sözlərinə görə, bu, "Allahın köməyi və möcüzə nəticəsində baş verib”.

Ukrayna Təhlükəsizlik Xidməti qeyd edib ki, qurum Lukaşenkonun bəyanatlarını şərh etməyəcək və Ukraynanın qələbəsindən sonra "partlayış” halları barədə ətraflı məlumat verə biləcək.

Xatırladaq ki, fevralın 26-da məlum olub ki, səhər saatlarında Belarusun Maçulişşi hərbi aerodromunda partlayış səsləri eşidilib. Daha sonra Rusiyanın A-50 hərbi təyyarəsinin zədələndiyi barədə məlumat yayılıb.

"Bypol” təşəbbüsünün nümayəndəsi Aleksandr Azarov bunun arxasında belarus partizanlarının olduğunu bildirib. Onun sözlərinə görə, Maçulişşidə törədilən təxribatın iştirakçıları Belarusu tərk ediblər və hazırda təhlükəsizlikdədirlər.

Alpər