Dünya 16:27 16.10.2023

"Rusiya və Çin liderləri Zəngəzur dəhlizini müzakirə edəcəklər" - Politoloq

"Putin və Çin lideri Zəngəzur dəhlizi məsələsini müzakirə edəcəklər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiya prezidenti Vladimir Putinin bu həftə Çində Si Szinpinlə olacaq görüşünü şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, ABŞ-ın son addımları göstərir ki, o artıq regionda Hindistanı favoritə çevirmək istəyir:

"Vaşinqton çalışır ki, Çinlə Hindistanı üz-üzə qoysun. Pekinlə Dehli arasında münasibətlər gərgindir. Amma Hindistanla Rusiya arasında  münasibətlərdə nisbətən müsbət çalarlar var. Putinlə Si Szinpin görüşündə yəqin ki, bu məsələ də müzakirə olunacaq. Görüşdə iqtisadi birlik   məsələsinin gündəmə gələcəyi mütləqdir. Çünki Çin və Rusiya çoxdandır ki, öz aralarında olan ticarəti milli valyuta ilə həyata keçirməyə çalışırlar. Bu mənada yəqin ki, yuan, rubl məsələsi də müzakirə ediləcək. Tərəflər kosmos sahəsində strateji tərəfdaşlığı gücləndirməkdə də maraqlıdır. Habelə, Qərbə qarşı birgə duruş məsələləri də görüşün diqqət mərkəzində olacaq. Təklikdə Qərbə qarşı mübarizədə duruş gətirmək həm Rusiya, həm də Çin üçün çətindir. Ona görə də Pekinlə Moskva çalışacaq ki, ona qarşı birlikdə mübarizə aparsınlar”. 



Ekspertə görə, görüşdə Orta Asiya, "bir kəmər, bir yol” məsələsi də gündəmə gələcək: 

"Hətta inanıram ki, Putinlə Szinpin Zəngəzur dəhlizi məsələsini də danışacaqlar. Çünki bu yol onlara lazımdır”. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın iki ən böyük strateji rəqibi arasında tərəfdaşlığı dərinləşdirməyə çalışmaq üçün bu həftə Çinə gedərək, bu ölkə lideri Si Szinpinlə görüşəcək. "Reuters"in məlumatına görə, Putin oktyabrın 17-18-də Pekində keçiriləcək "Bir kəmər, bir yol” forumunda iştirak edəcək. 

Rüfət Sultan