Dünya 13:12 13.04.2023

Rusiya - Yaponiya savaşı dünyaya nə vəd edir?

Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın digər qonşu ölkələrlə də münasibəti gərginləşir. Moldova, Finlandiya, xüsusən də Polşanın Moskva ilə münasibətləri həddən artıq kritikdir. Bu müstəvidə ara-sıra Rusiyanın həmin ölkələrlə də savaşa başlayacağına dair ehtimallar irəli sürülür.  
 
Hətta bir sıra ekspertlər Rusiya-Yaponiya müharibəsini də istisna etmirlər. Kremlin Ukraynaya  təcavüzü Tokio ilə Moskva arasında da ciddi soyuqluq yaradıb. Yaponiyanın da Rusiyaya qarşı sanksiyalara qoşulması iki ölkə arasında gərginliyi artırıb. Bu əsasda da bəzən fikirlər səslənir ki, Rusiyanın diqqətini Ukrayna cəbhəsindən yayındırmaq üçün ABŞ Yaponiyanı Moskva ilə toqquşmaya sövq edə bilər. 

Bəllidir ki, Yaponiya ərazisinin bir hissəsi, Kuril adaları İkinci Dünya müharibəsindən bəri Rusiya işğalı altındadır. Tokio məhz bu səbəbdən hələ də Rusiya ilə sülh müqaviləsi bağlamayıb. Yaponiya Xarici İşlər Nazirliyi bugünlərdə diplomatiya ilə bağlı illik hesabatında bildirib ki, Kuril adalarının cənub hissəsi ölkənin suverenliyinə tabe olan və Rusiyanın qeyri-qanuni işğalı altında qalan Yaponiya ərazisidir. Tokio bu məsələni ikitərəfli münasibətlər çərçivəsində həll olunmamış məsələlərin ən ciddisi hesab edir.  

Yaponiya diplomatları 2003-cü ilə qədər adaları rəsmi olaraq "qanunsuz işğal edilmiş”, 2012-ci ilə qədər isə "dədə-baba torpaqları” adlandırırdı. 2012-ci ildən hökumət Rusiya ilə kompromis əldə etmək ümidi ilə bu cür dildən yayınıb. Yaponiya 1956-cı il Adalar Bəyannaməsinə qayıtmağa hazır idi. Həmin sənəddə SSRİ iki ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra 4 adadan ikisinin - Habomai və Şikotanın Yaponiyaya qaytarılmasına razılıq verib. 

2019-cu ildə Yaponiyanın Baş naziri Sindzo Abe Kuril adaları ilə bağlı məsələyə son qoyacağına and içib. Lakin onun dövründəki danışıqlar heç bir nəticə verməyib. Ukrayna müharibəsinin başlanması bir çoxlarında Yaponiyanın da Kuril adaları uğrunda Rusiyaya savaş açacağı düşüncəsini formalaşdırıb. Amma mövcud reallıqda Yaponiyanın buna gedəcəyi o qədər də real deyil. Hətta sözügedən bölgə öz ərazi sularına yaxın olduğundan Vaşinqton da bunda maraqlı görünmür. Çünki Sakit Okean arenasında başlanan bu müharibə təkcə Rusiya ilə Yaponiya arasında olacaq toqquşmalarla bitməyəcək. 

Müharibənin başlanması fonunda Çin və Şimali Koreyanın da Rusiya tərəfində prosesə cəlb olunacağı ehtimalı böyükdür. Bu müstəvidə Şimali Koreya diktatorunun nüvə zərbələrinə əl atacağı istisna deyil. Düzdür, Ukraynada istəyinə nail ola bilməyən Moskvanın ondan daha böyük imkanlara malik Yaponiya ilə müharibədə daha ağır duruma düşəcəyi birmənalıdır. Amma bununla belə, Sakit Okean regionunda baş verəcək bu savaşın daha geniş əraziyə yayılması ehtimalı yüksəkdir. Bu isə region üçün daha böyük fəlakətlər gətirə bilər. 

Düzdür, Yaponiya Kuril adalarının qaytarılmasında israrlıdır. Lakin mövcud vəziyyətdə Yaponiya həmin istəyini savaş yolu ilə həll etməkdən uzaqdır. Tokio sadəcə olaraq məsələlərə praqmatik yanaşaraq, Rusiyanın Ukrayna müharibəsində məğlubiyyətini gözləyir. Çünki bu məğlubiyyət Rusiyanı çətin duruma salacaq. Məhz onda Yaponiya diplomatik cəbhədə aktivləşərək, ağır vəziyyətdə olan Rusiyanı ABŞ-ın dəstəyilə daha da dalana dirəməklə Kuril adaları məsələsində öz istəyinə uyğun dəyişikliyin olmasına nail ola bilər. 

Rüfət Sultan