İdman 21:52 23.02.2023

Rusiyada həbs olunan Qriner basketbola qayıtdı

2152Rusiyadan ABŞ-a qayıtmağa hazırlaşarkən hava limanında saxlanılan və təxminən 10 aya yaxın həbsdə qalan Britni Qriner basketbola qayıdıb. 

Qaynarinfo-nun məlumatına görə, Rusiya ilə məhbus mübadiləsindən sonra sərbəst buraxılan amerikalı basketbolçu Amerika Qadınlar Basketbol Liqasının (WNBA) komandalası "Feniks Merkuri"yə transfer olunub. Klubdan verilən açıqlamada 32 yaşlı Qrinerlə 1 illik müqavilə imzalandığı bildirilib.

Ötən il fevralın 17-də Moskvanın Şeremetyevo hava limanında axtarış zamanı əşyaları arasından içərisində istifadəsi qadağan edilən yağ olan elektron siqaret qutuları aşkarlandıqdan sonra həbsxanaya göndərilən Qriner 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
 
Vaşinqtonla Moskva arasında münasibətlərin həssas olduğu bir vaxtda baş tutan həbs beynəlxalq ictimai rəydə uzun müddət gündəmdə qaldı. İki ölkə arasında aparılan danışıqlar nəticəsində həbsdə olan rusiyalı silah taciri Viktor Bout ilə aparılan mübadilə nəticəsində azadlığa buraxılan Qriner dekabrın 9-da ABŞ-a gətirilib.

Səbuhi Həsənov