Dünya 11:53 26.09.2022

Rusiyada hərbi komissarı güllələdilər (VİDEO)

İrkutsk vilayətinin Ust-İlimsk hərbi komissarlığında 25 yaşlı səfərbərliyə çağırılan şəxs atəş açıb. Həmin şəxs hərbi komissar Aleksandr Eliseyevi güllələyib. Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır. Şübhəli şəxs saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə taiga.info yazır.

Hərbi komissarına atəş açan yerli sakin Ruslan Zinin olub. "Mash” yazır ki, o, hərbi komissar çağırışçıları təlimatlandıran zaman atəş açıb. 
"Baza” şahidlərə istinadən bildirir ki, həmin şəxs atəş açmazdan əvvəl "indi hamımız evə gedək" deyib. İlk güllə komissara dəyib, bundan sonra Zinin digərlərinə qaçmağı əmr edib və ikinci dəfə atəş açıb.

Saxlanılan şəxsin anası Marina Zinina "ASTRA” "Telegram" kanalına bildirib ki, oğlunun özü çağırış vərəqəsini almayıb, lakin "ən yaxşı dostuna gələn çağırışdan çox narahat olub”.

"Səhər könüllü olaraq hərbi komissarlığa getdi. Onunla əlaqə saxlaya bilmədik, sonra bu xəbəri gördük. Ruslanın özü çağırış vərəqəsi almayıb, amma dünən çağırış vərəqəsi ən yaxın dostuna gəlib. Ruslan buna görə çox əsəbiləşdi, çünki dostu hərbi xidmətdə olmayıb. Dedilər ki, qismən səfərbərlik olacaq, amma məlum olur ki, hamını aparırlar”, deyə Marina Zinina "ASTRA”ya bildirib. Oğlunun silahı haradan almasına dair qadında məlumat yoxdur. 

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bildirib ki, Ust-İlimsk hərbi komissarı son dərəcə ağır vəziyyətdə reanimasiyadadır.

Nizami Bağırov