Siyasət 15:01 27.12.2022

"Rusiyanın postsovet məkanındakı fəaliyyətləri uğursuzla nəticələnir" - Politoloq

"MDB üzvlərinin qeyri-rəsmi adlandırdıqları zirvə toplantısı heç nə ilə yadda qalmadı”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli MDB-nin Sankt-Peterburqda başa çatan qeyri-formal sammitinin nəticələri barədə danışarkən deyib. Politoloq qeyd edib ki, Rusiyanın postsovet məkanındakı fəaliyyətləri uğursuzla nəticələnir:

"Vladimir Putin birlik daxili ziddiyyətlərdən danışdı. Ermənistanla Azərbaycanın siyasi rəhbərliyi arasında görüş də baş tutmadı. Bütün bunlar onu göstərir ki, bölgədə moderatorluğu üzərinə götürən Rusiya bu funksiyasını həyata keçirə bilmir. Üstəlik, yeni ziddiyyətlərin yaranmasına da şərait yaradır. 



Rusiyanın postsovet məkanındakı fəaliyyətləri uğursuzla nəticələnir. Dnestryanı bölgə, Abxaziya və Cənubi Osetiyada separatçı hərəkatları, Ermənistan Azərbaycana qarşı vaxtilə həyata keçirdiyi işğalçı siyasəti, Qırğızıstanla Tacikistan arasında yaşanan sərhəd toqquşmaları, bütün bunların baş verməsi və qızışdırılmasında Moskvanın bu və ya digər dərəcədə rolu vardır”. 
 
Ekspert qeyd edir ki, Rusiya MDB məkanında vəziyyətin yaxşılaşdırılmasına töhfə verə bilmir. Əksinə, bəzi  məqamlarda açıq-aşkar tərəf tutmaqla vəziyyəti gərginləşdirir:

"Ona görə Sankt-Peterburqdakı sammit də hər hansı bir məsələ ətrafında özünü cəmləşdirə, konkret qərarlar qəbul edə bilmədi. Putinə belə görüşlər sadəcə özünün də ətrafında guya qüvvələrin olduğunu Qərbə göstərmək üçün lazımdır”. 

Rüfət Sultan