Rusiyanın Ukraynaya müdaxiləsi Yaponiya hakimiyyətini regionda təhlükəsizliyə münasibətinə yenidən baxmağa və NATO ilə əməkdaşlıq ofisinin açılması ilə bağlı danışıqlara başlamağa məcbur etdi.
Qaynarinfo xəbər verir ki, bu barədə xarici işlər naziri Yoşimasa Hayaşi CNN-ə
bildirib.
"Bizim bunu müzakirə etməyimizə səbəb Rusiyanın Ukraynaya təcavüzündən sonra dünyanın daha qeyri-sabit olmasıdır”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Şərqi Avropada baş verən hadisələr Asiya-Sakit okean regionuna birbaşa təsir edir və bu, hərbi blokla əməkdaşlığı "getdikcə vacib edir”.
Nazir vurğulayıb ki, Yaponiya alyansın üzvü deyil. Bununla belə, danışıqlar Asiya-Sakit okean regionunda NATO tərəfdaşlarının alyansla sabit əlaqələrə malik olduğuna işarə edir. Eyni zamanda, ofisin açılması konkret ölkələrə mesaj kimi qəbul edilməməlidir, - deyə XİN rəhbəri qeyd edib.
"Nikkei Asia" mənbələrə istinadən yazıb ki, NATO ofisi Yaponiyaya Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi regiondakı alyansın tərəfdaşları ilə təhlükəsizlik məsləhətləşmələri aparmağa icazə verəcək. Oxşar ofislər artıq Gürcüstan, Ukrayna, Bosniya və Herseqovina, Moldova və Küveytdə mövcuddur.
CNN-in Yaponiyada əlaqə ofisinin açılması planları ilə bağlı sualına NATO sözçüsü müttəfiqlərlə cari müzakirələrin təfərrüatlarına varmayacağını, lakin təşkilatın Tokio ilə uzunmüddətli əməkdaşlığını vurğulayıb.
Xatırladaq ki, Vladimir Putin "Ukraynada xüsusi əməliyyatın” başlandığını elan edərək, NATO-nun şərqə doğru genişlənməsinin dayandırılmasının zəruriliyindən danışıb. O vaxtdan bəri əvvəllər neytral olan Finlandiya bloka qoşulub və İsveç də qoşulmaq üçün müraciət edib. 2022-ci ilin yazının sonuna qədər Şərqi Avropada NATO kontingentinin sayı 10 dəfə artıb: 4000-dən 40.000-ə.
Finlandiya NATO-ya daxil olduqdan sonra Rusiyanın alyansla quru sərhədi iki dəfə artaraq 2500 km-ə çatıb.
Rusiya və Yaponiya 194,3 km uzunluğunda ümumi dəniz sərhədinə malikdir.
Nizami Bağırov
Şərhlər