Ölkə 15:27 10.11.2021

Sabiq icra başçısı bütün əməllərini etiraf etdi

Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov məhkəməyə ifadəsində cinayət işində keçən rüşvət epizodlarının baş verdiyini etiraf edib.

Oxu.Az-ın məlumatına əsasən, Qoca Səmədov rüşvət aldığı şəxslərin adlarının və məbləğinin yadında qalmadığını deyib.

Qoca Səmədov bildirib ki, iş üçün müraciət edən adamları Yevlax Rayon İcra Hakimiyyətinin iclas zalında yığıb hüquqşünasın, müavininin, məşğulluq idarəsinin rəhbərinin iştirakı ilə iclas keçirib.

Onun sözlərinə görə, yoxlamalar zamanı 94 nəfərin adları işdə getsə də, özlərinin işə çıxmaması məlum olub.

"Mənə təklif etdilər ki, həmin şəxslərin maaşlarını göndərməyək. Mən də bu təkliflə razılaşdım”,-deyə Qoca Səmədov ifadəsində deyib.

Qoca Səmədov icra başçısı olduğu müddətdə xidməti otağında MMC-lərdən birinin direktorundan 100 000 manat məbləğində rüşvət aldığını da etiraf edib.

Qoca Səmədov icra hakimiyyətində Qarabağ əlillərinə, şəhid ailələrinə və xəstə adamlara yardım məqsədilə yaradılmış fonda toplanan vəsaitləri mənimsədiyini deyib.

Onun sözlərinə görə, həmin fonddan ümumilikdə 262 633 manat mənimsəyib.

Qoca Səmədov daha sonra bildirib:

"İşlədiyim müddət ərzində Yevlax rayonuna dövlət büdcəsindən 20 000 000 manat ayrılıb. Bütün büdcə təşkilatlarının maaşları da həmin vəsaitə daxil idi”.

Qoca Səmədov həmin vəsaiti təyinatı üzrə xərcləmədiyini, zamanla həmin vəsaitin bir hissəsini nağdlaşdıraraq mənimsədiyini qeyd edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, 2011-2019-cu illərdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə əməlləri üzrə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.