Ölkə 15:34 26.11.2021

Sabirabadda müəmmalı tender: Geyim satan şirkət abadlıq işləri görəcək

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad Şəhər Nümayəndəliyi "Quraşdırıcı sazyalayıcı sahə" MMC ilə satınalma müqaviləsi imzalayıb.
 
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 298 767.68 AZN təşkil edən müqavilə abadlıq işlərinin satın alınması ilə bağlıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Quraşdırıcı sazyalayıcı sahə" MMC 9 yanvar 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Sabirabad rayonu, Sabirabad şəhəri, Pambıq Zavodu, ev 1, mənzil 2-dir. MMC-nin qanuni təmsilçisi Ağayev Rasim Babalı oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Şirkətin əlaqə telefonlarına və veb-əshifəsinə də rast gəlinmir.

Araşdırmalarımız zamanı isə məlum olub ki, "Quraşdırıcı sazyalayıcı sahə” MMC əsasən Sabirabadın yerli qurumlarının keçirdiyi tenderlərin qalibi olur.
Maraqlıdır ki, şirkətin yaranmasından heç bir il ötməmiş Sabirabadda 2 tenderin qalibi olub. 2019-cu ilin dekabr ayında Sabirabad Rayon İcra Hakimiyyəti şirkətlə 2 satınalma müqaviləsi imzalayıb. Ümumi maliyyə dəyəri 201109 AZN təşkil edən müqavilələrdə Sabirabad rayonunda məşğulluğun artırılması istiqəmətində həyata keçirilən tədbirlər çərçivəsində haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərin geyimi, inventar və mal-materialların alınması nəzərdə tutulur. Buradan o da aydın olur ki, geyim, invertar satan şirkət həm də abadlıq işləri görür. Bu da bir qədər şübhəlidir. Digər tərəfdən, fəaliyyətindən 1 il ötməyən şirkətin tenderlərdə iştirakı da maraqlıdır. 

"Dövlət satınalmaları haqqında” Qanuna görə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması vacibdir. Bir ilin şirkətinin bu kriteriyalara cavab verməsi inandırıcı görünmür.

Seyid